Bakı-2015 Milli Olimpiya komitələrinin sonuncu “Açıq qapı günü” iclasına ev sahibliyi edib

Bakı-2015 Milli Olimpiya komitələrinin sonuncu “Açıq qapı günü” iclasına ev sahibliyi edib


Avropanın 22 Milli Olimpiya Komitəsinin nümayəndələri yayda keçiriləcək birinci Avropa Oyunlarından əvvəl təşkil olunan üçüncü - sonuncu "Açıq qapı günü” iclasında iştirak etmək üçün Bakıda bir araya gəliblər.
Qitə ölkələrini təmsil edən 59 nümayəndə üçgünlük proqramda Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin tibbi xidmətlər və antidopinq, nəqliyyat və yerləşdirmə daxil olmaqla müxtəlif şöbələri tərəfindən göstərilmiş təqdimatlar və seminarlarla, Oyunlara hazırlıqlarla bağlı ən son yeniliklərlə tanış olub.
Nümayəndələr, həmçinin Bakı-2015 birinci Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinə, o cümlədən Bakı Olimpiya stadionuna və Avropa Oyunları Parkına baş çəkib, hazırlıq işlərini müşahidə ediblər.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: "Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının ötən həftə təşkil edilmiş səfərindən sonra qitənin Milli Olimpiya komitələrinin nümayəndələrini sonuncu Bakı-2015 Milli Olimpiya komitələrinin "Açıq qapı günü” iclasında salamlamaq bizim üçün xoşdur. Ötən ilin sentyabrında keçirilmiş ikinci belə iclasdan bu günədək əldə etdiyimiz mühüm irəliləyişləri, xüsusilə də bu yay dünya səviyyəli yarışlara ev sahibliyi edəcək möhtəşəm obyektlərimizi göstərə bildiyimizə görə qürur hissi duyuram”.
Bakıda yerləşən obyektlərdən başqa, nümayəndələr iyunun 14-dən 16-dək kanoe sprinti yarışlarına ev sahibliyi edəcək Mingəçevirdəki kanoe sprinti obyektinə də səfər etmək imkanı qazanıblar.
Finlandiyadan olan missiya rəhbəri Piter Brül söyləyib: "Birinci Avropa Oyunlarının keçirilməsi bizdə çox böyük maraq yaradır. Oyunların özü ilə nələr gətirəcəyini səbirsizliklə gözləyirik. Avropa Oyunları kimi yeni növ turnirlərdə yarışmaq və müxtəlif təcrübələrdən faydalanmaq idmançılarımız üçün gözəl imkandır. Bu günə kimi müşahidə etdiklərimizə əsasən onu deyə bilərik ki, yarışların keyfiyyəti ilkin mərhələdəki gözləntilərimizə nəzərən daha yaxşı olacaq. Bir sıra planlar Olimpiya Oyunları ilə eyni səviyyədə görünür. Olimpiya Oyunlarından fərqli olaraq Avropa Oyunlarına nisbətən az idmançı qatılacağına görə Bakı-2015-in təşkilatçıları yarışların imkanlarından hamının ehtiyacına uyğun istifadə edə biliblər”.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatları şöbəsinin direktoru Ceyms Makleod deyib: "Milli Olimpiya komitələrinin hər üç "Açıq qapı günü” iclası Avropanın 50 Milli Olimpiya Komitəsinin nümayəndəsini Bakıda salamlamaq və onları Oyunlara hazırlıqlarımız barədə məlumatlandırmaq baxımından bizə gözəl imkan yaratdı. amma əminəm ki, bütün Milli Olimpiya komitələri onların idmançıları üçün təklif edilən imkanlardan məmnun qalacaqlar. Bakı-2015 Avropa Oyunları yarışlarda iştirak edən hər kəsin yaddaşında uzun müddət qalacaq”.