Bakı-2015 ilk Avropa Oyunlarının velosiped idmanı üzrə ulduz elçisi, tanınmış teleaparıcı İlkin Həsəni Azərbaycan Velosiped İdmanı Federasiyasında qonaq olub. Ulduz elçi AVIF-in baş katibi Fərhad Əliyevlə görüşüb.
Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı İlkin Həsəniyə ətraflı məlumat verən baş katib məsul yarışın təbliğat işlərində ulduz elçilərin fəaliyyətini yüksək qiymətləndirib. O, oyunlarda Azərbaycanın idman şərəfini 9 velosipedçinin qoruyacağını deyib.
Qeyd edək ki, Avropa Oyunlarının proqramına velosiped idmanının şose (qrup və fərdi ötüşmə), MTB (dağ velosipedi) və BMX (velo motokross) növləri daxildir. AVIF-in baş katibi yarışların keçiriləcəyi idman qurğularındakı son durumla bağlı ulduz elçinin suallarını cavablandırıb, həmçinin Respublika Velotrekindəki yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verib.
Avropa Oyunlarına qədər bütün ictimai və təbliğat işlərində böyük qürur hissi ilə iştirak edəcəyini deyən İlkin Həsəniyə görüşün sonunda AVIF-in xatirə hədiyyələri təqdim edilib.