Bakı-2015 Əməliyyat Komitəsi birinci Avropa Oyunlarının Yunanıstanda və Finlandiyada nümayişini təmin etmək üçün yayım sazişləri imzalayıb.
Yunanıstanda ictimai yayımın əsas təminatçısı olan NERIT (New Hellenic Radio, Internet and Television) televiziyası və onlayn platformaları vasitəsilə birinci Avropa Oyunlarının gündəlik olaraq birbaşa yayımı təmin ediləcək, eyni zamanda, möhtəşəm açılış və bağlanış mərasimləri yayımlanacaq.
Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan "Yle” isə açılış və bağlanış mərasimlərinin, eyni zamanda, gündəlik olaraq yarışların birbaşa yayımını təmin edəcək və qarşılaşmaların ən yaddaqalan məqamlarından ibarət videomaterialları nümayiş etdirəcək. Bu qurum yerli yayım şirkəti olan "İnternational Sports Broadcasting”in vebsaytı və rəqəmsal platformaları vasitəsilə Oyunların 800 saatlıq birbaşa yayımını da təmin edəcək.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, Yunanıstanın və Finlandiyanın milli yayım şirkətləri ilə müqavilələrin bağlanması Oyunların Avropada milyonlarla evdə nümayişinə şərait yaradacaq. İdmanın sevildiyi ölkələr olan Yunanıstanda və Finlandiyada azarkeşlər bu yayım sazişləri əsasında təmin ediləcək geniş rəqəmsal yayım vasitəsilə idmançılarının çıxışlarını dəstəkləyə biləcəklər. Bu, çox gözəl haldır.
NERIT şirkətinin baş direktoru Piter Mais isə bununla bağlı qeyd edib: "Qədim Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstan dünyada tanınan və dəyər verilən zəngin idman tarixinə malikdir. Birinci Avropa Oyunları qitənin idman tarixində mühüm məqamdır. Biz Oyunları ölkəmizdə yayımlayacağımız üçün fəxr edirik”.
"Yle” şirkətinin idman hüquqları və tərəfdaşlar üzrə meneceri Robert Portman bildirib ki, Bakı-2015 Avropa Oyunlarının Finlandiyada yayımlanması ölkəmizdəki milyonlarla insanın sevimli idmançılarının çıxışlarını izləmələrinə imkan yaradacaq. Birinci Avropa Oyunları gözəl şəhərdə keçirilən möhtəşəm idman bayramı olacaq. Biz 17 günlük maraqlı yarışları səbirsizliklə gözləyirik.
Avropa Yayım İttifaqının üzvü olan NERIT şirkətinin əsası 2013-cü ilin iyununda - Yunanıstanın keçmiş ictimai yayım təminatçısı ERT ləğv edildikdən sonra qoyulub.
Əsası 1926-cı ildə qoyulmuş "Yle” şirkəti də Avropa Yayım İttifaqının üzvüdür. Şirkət Olimpiya və Qış Olimpiya oyunlarını Finlandiyada yayımlamaq hüququna malikdir.