"Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə əsas verir”. Bu sözləri idmanın avarçəkmə növü üzrə 2000-ci il Sidney Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya çempionu, İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) baş katibinin müavini Karlo Mornati AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib.
K.Mornati vurğulayıb: "Hesab edirəm ki, Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi qərarı bu ölkənin öz idman potensialını yüksək səviyyədə təqdim etməsi ilə bağlıdır. Azərbaycanın bu yarış üçün təqdim etdiyi qeyri-adi konsept və möhtəşəm infrastruktur təqdirəlayiqdir”.
İMOK-un baş katibinin müavini bildirib ki, İtaliyanı Bakı-2015 Avropa Oyunlarında təmsil edəcək komanda yarışa böyük əzmlə hazırlaşır. "Ümumiyyətlə, Avropa Oyunları İtaliyanın idman həyatında önəmli bir hadisəyə çevriləcək. Təxminən 350-yə yaxın italiyalı idmançı Oyunların proqramına daxil olan bütün növlər üzrə ölkəsini layiqincə təmsil edəcək. Əminəm ki, dünya idman tarixində yeri və rolu, əldə etdiyi uğurları göz qabağında olan Azərbaycan bu cür mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi etməyə qadirdir”, - deyə K.Mornati əlavə edib.