Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində idmanın avarçəkmə növü üzrə Mingəçevirdə təşkil olunacaq yarışlara könüllülərin cəlb edilməsi məqsədilə fevralın 18-də Gəncə Dövlət Universitetində təqdimat mərasimi keçirilib.
Tədbirdə universitetin prorektoru Pərvin Kərimzadə çıxış edərək Azərbaycanın ev sahibliyi edəcəyi bu mötəbər idman yarışının əhəmiyyətindən danışıb.
Sonra Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) əməkdaşları Leyla Əliyeva, Cəmil Hüseynov, Xaqani Fərəcov, Cəmil Hüseynov və başqaları oyunlara hazırlıq prosesində görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, bu mötəbər idman tədbirində müxtəlif vəzifələri icra etmək üçün 12 min könüllü cəlb ediləcək. Könüllülərə idmançıları və vəzifəli şəxsləri qarşılamaq, kütləvi informasiya vasitələri nümayəndələrinə yardım etmək kimi imkanlar veriləcək. Bununla da könüllülər birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasında əvəzolunmaz rol oynayacaqlar.
Təqdimat mərasimində avarçəkmə üzrə irlandiyalı mütəxəssis Con Non mötəbər yarışda könüllülərin iştirakının vacibliyindən danışıb.
Sonda tələbələrə məlumatlandırıcı bukletlər və posterlər paylanıb.