Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsi Naxçıvan Avtomobil Zavodu (NAZ) ilə rəsmi dəstəkçi sazişi imzalayıb.
Saziş çərçivəsində Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ Bakı-2015 avtomobil markası kateqoriyasında ölkədə müstəsna hüquqlara malik olacaq. NAZ, həmçinin Bakı-2015 ilk Avropa Oyunlarının rəsmi avtomobili titulunu və Oyunların loqosundan digər ölkələrdə istifadə edilməsi hüququnu Çinin avtomobil istehsalçısı olan "Lifan” şirkətinə ötürəcək. Oyunlar müddətində "Lifan” markalı 280 avtomobildən istifadə olunacaq.
Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, hər bir irimiqyaslı idman yarışında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələrinin olması çox önəmlidir.
Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ şirkətini Bakı-2015 Avropa Oyunlarının rəsmi dəstəkçisi kimi görmək sevindirici haldır. Yarışların keçirildiyi tarixlərdə Milli Olimpiya Komitəsinin üzvləri, KİV və yayım işçiləri daxil olmaqla bir sıra müştərilərin daşınması üçün 280 ədəd həmin nəqliyyat vasitəsindən istifadə ediləcək.
NAZ-ın direktoru Musa Abdullayev deyib: "Biz Bakı-2015 Avropa Oyunları ailəsinin bir üzvü olduğumuz və ölkəmizin tarixindəki ən iri idman yarışlarına dəstək verdiyimizə görə fəxr edirik. "Lifan” avtomobil şirkəti ilə yaxından çalışaraq, tarixə yazılacaq ilk Avropa Oyunlarının bütün müştərilərinə yüksək səviyyəli xidmət göstərəcəyik”.
NAZ "McDonald’s Azerbaijan”, "Tickethour”, "Milla”, "Sitecore”, "Motorola Solutions”, "Azersun Holding” və "Bazarstore” şirkətlərindən sonra Avropa Oyunlarının səkkizinci rəsmi dəstəkçisi olub.