Avropa Oyunları bütün dünyanın diqqətini cəlb edəcək

Avropa Oyunları bütün dünyanın diqqətini cəlb edəcək



İyunun 12-dən 28-dək paytaxtımız tarixdə ilk dəfə Avropa Oyunlarına ev sahibliyi edəcək. Qədim idman ənənələrinə malik olan Azərbaycan müasir dövrdə dünyanın aparıcı idman dövlətlərindən biridir. Ölkədə idman və Olimpiya Hərəkatının inkişafı, onun güclü maddi-texniki bazasının yaradılması, respublikamızın mötəbər tədbirlərin mərkəzinə çevrilməsi dövlətin bu sahəyə yüksək diqqət və qayğısından irəli gəlir.
Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul olunub. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilən gizli səsvermədə 48 səsdən 38 səs toplayan Bakı Avropa Oyunlarına ev sahibliyi hüququnu əldə edib. Avropa Oyunlarının hər dörd ildən bir keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Oyunlarının ölkəmizdə təşkilini böyük tarixi uğurumuz kimi səciyyələndirib: "Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk Oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Bir daha demək istəyirəm ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu Oyunları yüksək səviyyədə keçirəcəyik”.
2013-cü ildə dövlət rəhbərinin Sərəncamı ilə ölkəmizdə Bakı-2015 Avropa Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılan Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Avropa Olimpiya Komitəsi ilə birgə bu Oyunların təşkilini həyata keçirir. BAOƏK-nın baş icraçı direktoru Gənclər və İdman naziri cənab Azad Rəhimov və baş əməliyyat direktoru cənab Saymon Kleqdir.
Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclası 2013-cü il fevralın 2-də keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən tədbirdə çıxış edən ölkə başçısı Avropa Oyunlarının paytaxtımızda yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib: "Oyunları yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsində həm dövlət qurumlarının nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar, ictimai sahədə fəaliyyət göstərən insanlar cəmləşib. Təşkilat Komitəsinə isə Mehriban Əliyeva sədrlik edir. Deyə bilərəm ki, Mehriban Əliyeva, eyni zamanda, keçən il "Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə rəhbərlik etmişdir. Ümumi rəyə görə, "Eurovision” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilmişdir və bəlkə də, "Eurovision” müsabiqəsinin tarixində belə gözəl müsabiqə keçirilməmişdir. Bütün təşkilati məsələlər öz həllini tapmışdır, qonaqlar həm şəhərimizin gözəlliyi ilə tanış olmuşlar, eyni zamanda, özlərini çox rahat hiss etmişlər. Çünki həm insanların qonaqpərvərliyi, eyni zamanda, şəhərimizdə hökm sürən asayiş, sabitlik öz rolunu oynamışdır. Əminəm ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu Oyunlar Olimpiya oyunlarının tarixində, sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır”.
Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva isə çıxışı zamanı I Avropa Oyunlarının Bakıda keçirilməsini ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya Hərəkatı üçün tarixi hadisə kimi dəyərləndirib. Mehriban xanım regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafının, dünya birliyində tutduğu mövqeyinin, mövcud ictimai-siyasi sabitliyin beynəlxalq ictimaiyyətdə əminlik yaratdığını vurğulayıb: "Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir”. Mehriban xanım Əliyeva bu Oyunların yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu bildirib: "Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında, "Eurovision-2012” mahnı müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq, I Avropa Oyunlarının da ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik və bütün gücümüzlə çalışacağıq ki, göstərdiyiniz etimadı doğruldaq”.
Sevindirici haldır ki, Avropa Oyunlarının ölkəmizdə təşkili beynəlxalq qurum nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Oyunlar ərəfəsində paytaxtımızda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası keçirildi. BOK və AOK rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizin Avropa Oyunlarına ev sahibliyi ilə bağlı maraqlı fikirlər səsləndi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Assambleyada çıxışı zamanı Avropa Oyunlarının ölkəmizdə təşkilini yüksək idman hadisəsi kimi dəyərləndirib. Ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi sahəsində kifayət qədər təcrübəsi olduğunu deyən ölkə başçısı Avropa Oyunlarının da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib: "Bizim Avropa və dünya çempionatlarının keçirilməsində təcrübəmiz var. Bu tədbirlər Azərbaycanda dəfələrlə keçirilib. Lakin əlbəttə ki, Avropa Oyunları bizim üçün ən yüksək səviyyəli idman hadisəsinə çevriləcək. Fərəhlənirik ki, ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək. Fürsətdən istifadə edərək, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qəbul etdiyi bu qərara görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, biz sizi sevindirəcəyik və bu Oyunların ən yüksək səviyyədə hazırlanması və keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Assambleyada çıxışı zamanı Olimpiya Hərəkatında fəal olmağın vacibliyini diqqətə çatdırıb. BOK prezidenti ilk Avropa Oyunları ilə bağlı təşkilati işlərin yüksək səviyyəsini xüsusi vurğulayıb, bu Oyunların möhtəşəmliyi ilə fərqlənəcəyinə əminliyini ifadə edib: "Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək. Burada gördüklərimizdən hamımız yekdilliklə belə bir qənaətə gələ bilərik ki, bu Oyunlar müvəffəqiyyətlə keçiriləcək. İlk Avropa Oyunları gələcək yarışlar üçün böyük bir uğur hekayəsi olacaq. Biz idmançıların, atletlərin Avropa Oyunlarında çox möhtəşəm nəticələr göstərəcəklərinə əminik.
Həmçinin biz Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Biz öyrəndik ki, Avropa Oyunları ilə əlaqədar kifayət qədər zəngin mədəni tədbirlər proqramı da hazırlanıb və həyata keçiriləcək.
Obrazlı şəkildə desək, bu da bizim hamımıza çox qeyri-adi, nadir bir zövq verəcək. Mən inanıram ki, idmanla mədəniyyət tədbirlərinin vəhdəti çox maraqlı olacaq”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə Azərbaycana növbəti səfərindən məmnun qaldığını və paytaxt Bakının Avropa Oyunları zamanı iştirakçıları füsunkarlığı ilə valeh edəcəyini qeyd edib: "Bakı, həqiqətən də, gələn il ilk Avropa Oyunlarını çox mükəmməl səviyyədə, layiqincə keçirəcək. Əminəm ki, Azərbaycanın ev sahibliyi burada qalacağınız günlərdə ürəyinizcə olacaq”.

49 ölkə, 6000-dən çox iştirakçı, 20 idman növü
Birinci Avropa Oyunlarında 49 Avropa ölkəsindən 6000-dən çox idmançı 17 gün ərzində keçiriləcək yarışlarda mübarizə aparacaq.
Proqrama daxil edilən 20 idman növündən 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növüdür. Doqquz idman növü Rio-2016 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir. Ümumilikdə, Oyunlar zamanı müxtəlif növlər üzrə 253 yarış keçiriləcək. Əksər idman növlərində milli Olimpiya komitələri (MOK) üçün kvota yerlər ayrılıb və idmançıların seçilməsi onların öz öhdəsinə buraxılıb. MOK-lara yarış iştirakçılarının namizədliyini irəli sürmək üçün verilən müddət mayın 1-də başa çatacaq. Bu, Azərbaycan idmançılarına da aiddir. Qeyd edək ki, ölkə idmançıları Avropa Oyunlarında bütün idman növlərində təmsil olunacaqlar.


Bakı-2015-in loqosu və talismanı
Bakı-2015 Avropa Oyunlarının rəsmi loqosu 2014-cü il iyunun 16-da elan edilib. Bu loqo 35 yaşlı azərbaycanlı Adəm Yunisov tərəfindən tərtib edilib. Loqoda Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla beş başlıca element bir araya gətirilib. Bakı-2015-in loqosu ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə böyüyən şəhərlərindən biri kimi Bakını təsvir edir.
Avropa Oyunlarının rəsmi simvolları isə Ceyran və Nardır. Bütün dünyada I Avropa Oyunlarının simvolu olan bu cütlük Bakı-2015-in təbliğatında brend rolunda çıxış edir. Ceyran qonaqlara Azərbaycanın zəngin irsini tərənnüm etməklə, Oyunların mədəniyyət elçisi rolunda çıxış edir. O, Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək. Qeyd edək ki, Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu olmaqla yanaşı, respublikamızda qorunan heyvan növlərindən biridir. Vətəni Göyçay olan, günəşi sevən, həyat eşqi ilə aşıb-daşan Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir.

Avropa Oyunları dünyada yüksək səviyyədə təbliğ olunur
Bakı-2015 Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi Oyunların yüksək səviyyədə təbliğ olunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Ötən ilin iyulunda Fransada (Kann), sentyabrda Yunanıstanda (Afina), oktyabrda Almaniyada (Berlin), noyabrda Türkiyədə (İstanbul), bu ilin yanvarında isə İsveçrədə (Davos) Bakı-2015-ə həsr olunmuş təqdimat mərasimləri təşkil olunub. Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən tədbirlər yüksək təşkilatçlığı ilə diqqəti cəlb edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə keçirilən tədbirlərə adıçəkilən ölkələrin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılıblar. Təqdimat mərasimlərində qonaqlar ölkəmiz və onun zəngin mədəniyyəti, idman ənənələri barədə tanış olmaq imkanı əldə ediblər. Bu tədbirlərdə Avropa Oyunlarına həsr edilmiş videofilm nümayiş etdirilib, Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Türkiyə və İsveçrədə keçirilən mərasimlərdə Bakı-2015-ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgi nümayiş olunub. "Biz birlikdə” adlanan sərgidə 20-dən çox Azərbaycan heykəltəraşının əsərləri Avropa Oyunlarının həyəcanını sənətin dili ilə əks etdirib. Qonaqlar Azərbaycanın mənzərələrindən ibarət fotoşəkillərə baxıblar. Bu şəkillərdə ölkəmizin müxtəlif mənzərələri, eləcə də, Azərbaycan mədəniyyətinin şah əsərləri əks olunub.


Açılış və bağlanış mərasimləri möhtəşəm olacaq

Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Atletlər kəndinə ən yaxın ərazidə inşa olunan Milli Stadionda keçiriləcək. İyunun 12-də təşkil ediləcək Avropa Oyunlarının açılış mərasimi Afina-2004 Olimpiya Oyunları mərasimlərinin bədii direktoru, tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi altında həyata keçiriləcək. Açılış və bağlanış mərasimlərinin təşkilini ABŞ-ın "FiveCurrents” şirkəti reallaşdıracaq. Açılış və bağlanış mərasimləri Azərbaycan mədəniyyətini, tarixini və idmanını tərənnüm edəcək. Tədbirin birbaşa yayımını Beynəlxalq İdman Teleyayımı Şirkəti (International Sports Broadcasting, ISB) həyata keçirəcək. Yarışlar zamanı şirkət 1200 saatlıq yüksək keyfiyyətli teleyayımı təmin edəcək. Xidmətə bütün yarımfinal və final yarışlarının canlı yayımı və gündəlik olaraq nəticələr barədə məlumatın verilməsi daxildir. ISB açılış və bağlanış mərasimlərini və Azadlıq Meydanında təşkil ediləcək əyləncə tədbirlərini də efirə verəcək.
Qeyd edək ki, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi ümumilikdə dünyanın 47 ölkəsi ilə I Avropa Oyunlarının yayımlanmasını təmin edəcək müqaviləyə imza atıb. Bunların sırasında İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın RTV Slovenija və Portuqaliyanın ödənişli Sport TV və s. ictimai televiziya şirkətləri vardır. Razılaşmaya əsasən şirkətlər Oyunlar müddətində Avropa Oyunlarını gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində yayımlayacaq.
Oyunlar müddətində yarışları geniş şəkildə işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı açılış və bağlanış mərasimlərini də canlı olaraq yayımlayacaq. Televiziyada Oyunlarla bağlı hazırlıqlara həsr olunmuş "Bakıya yol” verilişi də nümayiş olunacaq. Sport TV şirkəti 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək.

Sınaq yarışları yüksək səviyyədə təşkil edilib
Avropa Oyunları ilə bağlı ölkəmizdə bir sıra idman növləri üzrə sınaq yarışları təşkil edilib. Bu yarışlar hər bir idman növü və idman kateqoriyası üzrə keçirilir və yeni tikilən, yaxud bərpa edilən idman qurğularını sınaqdan keçirmək imkanı yaradır.
Qeyd edək ki, indiyədək ölkəmizdə 4 sınaq yarışı keçirilib. Bunlardan üçü - bədii gimnastika üzrə Avropa çempionatı, dağ velosipedi üzrə sınaq yarışı və atletika üzrə Avropa Olimpiya təsnifat turniri ötən ilə təsadüf edib. Bu il isə stolüstü tennis üzrə sınaq yarışı təşkil olunub.
İyunda Milli Gimnastika Arenasında keçirililən bədii gimnastika üzrə Avropa çempionatı zamanı yarış iştirakçıları Atletlər kəndində məskunlaşmışdılar. Bu həm də kəndin sınaqdan keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. May ayında atletika üzrə keçirilən Avropa Olimpiya təsnifat turniri Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilib. Yarışların təşkili Avropa Atletika Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib. Oktyabrın 18-də keçirilən dağ velosipedi üzrə sınaq yarışları da idmançılar və rəsmi şəxslər tərəfindən bəyənilib.
Yeni tikilən idman qurğularında işlər başa çatdıqdan sonra müvafiq idman növləri üzrə, sınaq yarışları keçiriləcək. Qeyd edək ki, martın 4-6-da gimnastika növləri üzrə Açıq Azərbaycan çempionatı, aprelin 15-19-da boks üzrə Böyük İpək Yolu turniri, aprelin 16-19-da isə güləş üzrə keçiriləcək Azərbaycan kuboku yarışları Avropa Oyunlarına sınaq xarakteri daşıyacaq.

Nəqliyyat və təhlükəsizlik sistemi
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən idmançıların, qonaqların, rəsmi şəxslərin Atletlər kəndinə və yarış yerlərinə rahat gediş-gəlişi təmin olunacaq. Əməliyyat Komitəsi bu işləri Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirəcək. Artıq yardımçı nəqliyyat infrastrukturu kimi nəzərdə tutulan yeni hava limanı terminalı, avtobus və dəmiryolu sistemlərində təkmilləşdirmə işləri görülüb. Oyunlar zamanı ictimai nəqliyyat cədvəlinə bəzi dəyişikliklərin ediləcəyi gözlənilir. Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən şəhər nəqliyyatında ahəngdar fəaliyyətin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərlə bağlı tədbirlər uğurla həyata keçirilir. Plana əsasən nəqliyyat-yol kompleksinin müxtəlif istiqamətləri üzrə qurumun tərkibində olan təşkilatların konkret vəzifələri, görəcəyi işlər müəyyənləşdirilib. Buraya dəmir yolunun yenidən qurulması, avtomobil yollarının bərpası və Dövlət Avtomobil Nəqliyyatı Xidməti vasitəsilə həyata keçirilən işlər aiddir.
Birinci Avropa Oyunları ilə əlaqədar Tədbirlər Planı çərçivəsində Nəqliyyat Nazirliyinin həyata keçirdiyi ən böyük layihələrdən biri də Ziya Bünyadov prospektinin yenidən qurulmasıdır. Qeyd edək ki, birinci Avropa Oyunlarının əsas marşrut xətlərindən biri bu prospektdən keçir. Layihə ilə bağlı Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri də davam etdirilir. Nazirlik sərnişindaşımada müvafiq addımlar atıb. Belə ki, paytaxta 50 ədəd yeni sərnişin avtobusu, o cümlədən 200 ədəd London taksisi gətirilib və bu proses davam etdirilir.
Qeyd edək ki, fevralın əvvəlində ölkəmizə Avropa Oyunlarında iştirak edəcək yüksək səviyyəli qonaqların daşınması üçün "Mercedes” markalı mikroavtobuslar və Fransa istehsalı olan 302 avtobus gətirilib.
Sərnişin avtobuslarında kartla ödəniş sisteminin tətbiqinin mart ayınadək reallaşacağı gözlənilir. Birinci Avropa Oyunlarının əsas marşrut xətləri üzərindəki dayanacaqlarda wi-fi sisteminin quraşdırılması ilə bağlı texniki tədbirlər görülür. Yol xətlərinin, piyada keçidlərinin, yol göstərici xətlərin yenidən rənglənməsi, nişanların qoyulması kimi işlər həyata keçirilir.
Turist səfərlərinin artacağı nəzərə alınaraq paytaxtdan turizm obyektlərinin yerləşdiyi rayonlara gedən sərnişin avtobusları yeniləri ilə əvəzlənəcək. Bununla bağlı yeni avtobusların xətlərə buraxılması və onlayn bilet satışı proseduru təkmilləşdirilir.
Oyunların Əməliyyat Komitəsi, Nəqliyyat Nazirliyi və Bakı Avtobus Şirkəti sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz idarə etmələri üçün lazımi bacarıqlara yiyələnmələri istiqamətində iş aparır. Bu məqsədlə 800 avtobus sürücüsü daxil olmaqla, ümumilikdə 2100 nəfər nəzəri məşğələlərə cəlb olunub. Üç mərhələdən ibarət kurslarda onlar yeni nəqliyyat vasitələri ilə təcrübi tanışlıq keçməklə yanaşı, idman obyektləri və marşrutlar barədə ətraflı məlumatlarda əldə edəcəklər. Oyunlar ərəfəsində sürücülər 15 günlük ixtisaslaşdırılmış təlim keçəcəklər.
Avropa Oyunlarında iştirakçıların təhlükəsizliyinin təmin olunması Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin qarşısında dayanan əsas məsələlərdəndir. Bu istiqamətdə Bakı-2015-in Əməliyyat Komitəsi ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq edəcək.

"Alovqoruyanlar”
Bakı-2015 Avropa Oyunlarında könüllülər "alovqoruyanlar” (Flamekeepers) kimi tanınacaqlar. Bu ad yarış ruhunun təbliğində könüllülərin əsas rolunu əks etdirir və Odlar Yurdu Azərbaycanın qonaqpərvərliyini tərənnüm edir.
Hazırda Oyunlar üçün könüllülərin cəlb olunması prosesi davam edir və 16000-dən çox könüllü onlayn qeydiyyatından keçib. Oyunlar başlayana qədər 12500 könüllü işə cəlb ediləcək. "Alovqoruyanlar” idman yarışlarında işləyəcək, idmançılara, rəsmi şəxslərə, tamaşaçılara, media nümayəndələrinə köməklik göstərəcəklər.

İdman elçiləri
Avropa Oyunlarında ölkəmizin və dünyanın bir sıra tanınmış idmançıları, incəsənət nümayəndələri elçi qismində təmsil olunacaqlar. Elçilər oyunlarla bağlı marketinq kampaniyalarında, tədbirin təbliğində iştirak edəcəklər. Bu proqramın məqsədi yerli və xarici idmançıların ilk Avropa Oyunlarına dəstəyini təmin etməkdir. İdman elçilərindən məşhur basketbolçu Domoviç Bulut, avarçəkmə üzrə Pekin-2008-in gümüş medalçısı Rene Holten Poulsen, gimnast Kseniya Mustafayevanın adlarını qeyd etmək olar. Azərbaycanlı idman elçiləri sırasında isə 11 idmançı - Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (yüngül atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş) yer alıblar.
Birinci Avropa Oyunlarının təşkili Azərbaycanın idman həyatında mühüm rol oynayacaq və ölkəmiz üçün gözəl irs qoyacaq. Bu mötəbər yarış ölkəmizin nüfuzunu, gücünü daha da artıracaq. Bununla respublikamız irimiqyaslı yarışların təşkilində böyük təcrübə əldə edəcək. Ölkəmiz Avropa Oyunlarından sonra 2016-cı ildə Şahmat Olimpiadasına və Formula-1 üzrə Avropa Qran-Pri yarışlarına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına, futbol üzrə Avro-2020 matçlarına ev sahibliyi edəcək. Bu mötəbər yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan siyasi, iqtisadi və idman sahəsindəki nüfuzunun göstəricisidir.