Bakı-2015 birinci Avropa Oyunlarında çimərlik voleybolu yarışlarında iştirak edəcək komandaların sayı açıqlanıb.
Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişilərin yarışında Azərbaycan (2 cütlük), Avstriya (2), Belarus (1), Çexiya (1), Danimarka (1), Estoniya (1), Fransa (2), Almaniya (2), Böyük Britaniya (1), Yunanıstan (1), İsrail (1), İtaliya (2), Latviya (2), Hollandiya (1), Norveç (2), Polşa (2), Rusiya (2), İspaniya (2), İsveçrə (2) və Türkiyə (2) komandaları mübarizə aparacaqlar.
Qadınların mübarizəsində isə Azərbaycan (2 komanda), Avstriya (2), Çexiya (2), Finlandiya (2), Fransa (2), Almaniya (2) Yunanıstan (1), İtaliya (2), Litva (1), Hollandiya (2), Norveç (1), Polşa (2), Rusiya (2), Slovakiya (1), İspaniya (2), İsveç (2), İsveçrə (2) və Ukrayna (2) kollektivləri yarışacaqlar.
Oyunlara ev sahibliyi edən ölkə kimi Azərbaycan iki kişi və iki qadın cütlüyü ilə təmsil olunacaq. Yarışda bir ölkədən hər iki cins üzrə maksimum iki cütlük iştirak edəcək. Bakıda keçiriləcək həm kişi, həm də qadınlardan ibarət turnirlərdə ümumilikdə 25 ölkə təmsil olunacaq.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, çimərlik voleybolu müasir və hər il daha çox məşhurluq qazanan Olimpiya idman növlərindən biridir. Bu da onu birinci Avropa Oyunlarına uyğun gələn idman növünə çevirir. Bakı-2015-in keçirilməsində məqsədimiz avropalı gəncləri Oyunlarda iştiraka həvəsləndirmək və bütün qitəni möhtəşəm idman bayramında bir araya gətirməkdir.
Bildirilib ki, Avropa çoxsaylı idman növlərindən ibarət yarışlarda çimərlik voleybolu idmançıları nəslinin əsasını qoyur. Belə ki, Almaniya və Latviyanın kişilərdən ibarət komandaları 2012-ci il London Olimpiya Oyunlarında çimərlik voleybolu yarışlarında, müvafiq olaraq, qızıl və bürünc medal qazanıblar.
Bakı-2015 Avropa Oyunlarının İdman şöbəsinin direktoru Pirs Okallaqan deyib: "Avropa Oyunları çimərlik voleyboluna həm Azərbaycanda, həm də bütün qitədə yeni azarkeşlər qazandıracaq. Əminəm ki, çimərlik voleybolu yarışları Bakı-2015 birinci Avropa Oyunlarında diqqət mərkəzində olacaq”.
Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer bildirib ki, bu yay möhtəşəm idman bayramının keçirilməsini səbirsizliklə gözləyirik. Avropa Oyunlarında iştirak edəcək çimərlik voleybolu komandaları Rio-2016 Yay Olimpiya Oyunları ilə bağlı təsnifat yerləri üçün reytinq xalları qazanacaq ki, bu da yarışları intensivləşdirəcək.