Böyük Britaniyanın "Business Outlook” müstəqil media şirkəti tərəfindən "Leading edge-Azerbaijan 2015” adlı xüsusi nəşr dərc edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Böyük Britaniyadakı səfirliyimizin birgə dəstəyi ilə dərc edilmiş jurnal Azərbaycanın qeyri-enerji ölkəsi, xüsusilə də idman və mədəniyyət ölkəsi kimi tanıdılması məqsədilə hazırlanıb.
Nəşr Azərbaycan Prezidenti İlham Əliyev, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Bakı-2015 ilk Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleq, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və ölkəmizdə qeyri-enerji sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərlərindən götürülmüş müsahibələr əsasında hazırlanıb.
Jurnalda ilk dəfə iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarına xüsusi yer ayrılıb, bu mühüm idman hadisəsinin uğurlu təşkili istiqamətində görülən işlər ətraflı işıqlandırılıb. Xüsusi nəşrə, həmçinin birinci Avropa Oyunlarını izləmək məqsədilə ölkəmizə səfər edəcək avropalı turistlər üçün paytaxt Bakıya dair turist bələdçisi daxil edilib.