Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının könüllüləri – "Alov qoruyanlar” və texniki işçilərin geyəcəyi uniformalar fevralın 24-də ictimaiyyətə təqdim olunub.
Heydər Əliyev adına Arenada təşkil olunan tədbirdə əvvəlcə Avropa Oyunları haqqında videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının tarixi, mötəbər yarışa hazırlığın gedişi barədə məlumat verib. Könüllülərin işini yüksək qiymətləndirən Azad Rəhimov fevralın sonu - martın əvvəlində bütün idman obyektlərinin yarışa hazır olacağını və arenalarda test yarışlarının təşkil olunacağını diqqətə çatdırıb.
Bakı-2015 Avropa Oyunlarını televiziya vasitəsilə Avropada 150 milyondan artıq tamaşaçının izləyəcəyini diqqətə çatdıran nazir Avropa Oyunlarının Bakının simasını daha da gözəlləşdirdiyini vurğulayıb.
Sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarının brendi və maskotları barədə məlumat verilib. Bakı-2015-in idman və ulduz elçilərinin iştirak etdiyi tədbirdə üzərində Avropa Oyunlarının elementləri həkk olunan uniformalar geyən konüllülər və texniki işçilər tamaşaçıların sürəkli alqışları altında səhnəyə çıxıblar.
"Alov qoruyanlar”-ın fəaliyyətindən bəhs olunan videoçarxın nümayişindən sonra könüllülərin fləşmobu təqdim olunub.
Tədbir Bakı-2015-in ulduz elçilərinin konsert proqramı ilə davam edib.