Bakı-2015 ilk Avropa Oyunları voleybol yarışlarının seçim turunda iştirak edəcək qrupların tərkibini açıqlayıb.
Birinci Avropa Oyunlarının voleybol yarışlarında 12 kişi və 12 qadın idmançıdan ibarət milli komanda iştirak edəcək. Həmin komandalar Avropanın son reytinq siyahılarında tutduqları yerlərə görə seçim mərhələsində yer alıblar. Azərbaycanın milli komandaları Oyunlara ev sahibliyi edən ölkə kimi seçim mərhələsində iştirak edəcək.
Kişi voleybolçuların yarışında Azərbaycan, Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə yığmaları "A” qrupunda yer alıb. "B” qrupunda isə Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya kollektivləri mübarizə aparacaq.
Qadınların turnirində "A” qrupunda Azərbaycan, İtaliya, Türkiyə, Polşa, Belçika və Rumıniya milliləri yarışacaq. Rusiya, Serbiya, Almaniya, Hollandiya, Xorvatiya və Bolqarıstan yığmaları isə "B” qrupunda qüvvələrini sınayacaq.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, voleybol mötəbər yarışın proqramına daxil olan ən məşhur idman növlərindən biridir. Biz iyunda Bakıda yüksək səviyyəli yarışlar keçirməyi böyük səbirsizliklə gözləyirik.
Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer bildirib ki, qitənin ən güclü komandaları Bakıda keçiriləcək Oyunlarda yarışacaqlar və qrupların tərkibi bizə yarışların başlamasından etibarən bir sıra yüksək səviyyəli görüşləri izləməyə imkan yaradacaq. Əminik ki, Azərbaycanda keçiriləcək voleybol yarışları Bakı-2015-də azarkeşlər tərəfindən böyük həvəslə qarşılanacaq.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs Okallaqan deyib: "Avropanın ən güclü voleybol komandaları Avropa Oyunlarında mübarizə aparacaq. Bakı-2015 voleybolçulara Rio-2016 Olimpiya Oyunlarında iştirak etmək fürsət yaradır. Bizi iki həftə ərzində davam edəcək həyəcanverici oyunlar gözləyir.
Avropa Oyunlarında iyunun 13-də "Crystal Hall”da start götürəcək voleybol yarışlarında 336 idmançı iştirak edəcək.