Avropa Olimpiya Komitəsi və Bakı-2015 Təşkilat Komitəsi birgə açıqlama yayıb

Avropa Olimpiya Komitəsi və Bakı-2015 Təşkilat Komitəsi birgə açıqlama yayıb



Avropa Olimpiya Komitəsi (AOK) və Bakı-2015 Təşkilat Komitəsi birgə Azərbaycan tərəfinin Oyunlarda iştirak edəcək Milli Olimpiya Komitələrinin maliyyələşdirməsinə dair yayılan xəbərlərlə bağlı açıqlama verib.
Bakı-2015-dən yay və qış Olimpiya oyunlarında və bu kimi digər irimiqyaslı qlobal yarışlarda verilən oxşar dəstək (qrantlar), eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan birinci Avropa Oyunları ilə bağlı aparılan danışıqların ilkin mərhələsində əhəmiyyətli hissələrdən birini təşkil etmişdi. Şübhəsiz ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən Bakı-2015 ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olub.
İştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən hesablanan qrantlar yarışlarda iştirak edən 50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir.
Qeyd edək ki, Avropa Oyunlarından sonra AOK rəhbər qurum olaraq Oyunların gəlirlərindən əldə edilən 2,5 milyon avro məbləğində vəsaiti, Beynəlxalq Olimpiya Komitəsi (BOK) kimi eyni qaydada Oyunların proqramına daxil edilən bütün idman növləri üzrə Avropa Milli Olimpiya Komitələri və Avropa Federasiyaları arasında bölüşdürəcək.
İdmançılar istənilən böyük idman yarışının əsasını təşkil edirlər. Bu məqsədlə yarışlarda iştirak edən idmançıların maliyyələşdirilməsinə görə məsuliyyət daşıyan qurumların müvafiq qaydada ödənişlə təmin edilməsi qanunidir və məqsədəuyğundur.