Bakı-2015 Avropa Oyunları irlandiyalı boksçu xanım Keti Teyloru tarixdə ilk dəfə bu yay keçiriləcək Oyunların beynəlxalq idman elçisi elan edib.
Qeyd edək ki, London-2012 Olimpiya Oyunlarında qızıl medal qazanan K.Teylor, həmçinin 60 kq çəki dərəcəsində İrlandiya və dünya çempionudur. O, qadın boksu tarixində ən çox medal qazanan idmançı hesab edilir. K.Teylorun qazandığı qızıl medalların sayı 17-yə bərabərdir. Bu nailiyyətlərə Olimpiya, beşqat dünya, altıqat Avropa çempionluğu, eləcə də Avropa İttifaqının beş qızıl medalı daxildir.
Bakı-2015-in əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq boksçunun beynəlxalq idman elçisi olmasından məmnunluğunu bildirib. Onun kimi dünya miqyaslı idmançının ilk Avropa Oyunlarını dəstəkləməsi tədbir üçün böyük üstünlükdür və bu yay keçiriləcək yarışların yüksək səviyyəsindən xəbər verir. Boksçunun idman elçisi qismində Oyunları İrlandiyada böyük məmnuniyyətlə təşviq edəcəyindən əminəm və onun iyunda Bakıda yarışacağı günü səbirsizliklə gözləyirəm.
Futbol üzrə qadınlardan ibarət İrlandiya milli komandasını da təmsil edən 28 yaşlı xanım K.Teylor bildirib: "Bakı-2015 Avropa idmanı üçün gözəl bir irəliləyişdir. Mən həm idman elçisi, həm də yarış iştirakçısı kimi bu mötəbər turnirə qatılacağım üçün çox məmnunam. Oyunlar haqqında məlumatlılığın artırılması üçün əlimdən gələni edəcəyəm”.
İrlandiya Olimpiya Şurasının sədri Patrik Hikki deyib: "Mən K.Teylorun Avropa Oyunlarını ölkəsində lazımınca təşviq edəcəyindən və bu yay Azərbaycanda irlandiyalı idmançılara dəstək olacağından heç bir şübhə duymuram. Birinci Avropa Oyunlarına elçi qismində dünyanın ən nüfuzlu idmançılarından birini cəlb etdiyiniz üçün peşman olmayacaqsınız”.
Bakı-2015-in idman elçiləri sırasında K.Teylorla yanaşı, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafaeva, danimarkalı kanoe sprintçi Rene Holten Poulsen, serbiyalı 3x3 basketbolçular - Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviç daxildirlər.