Bakı-2015 birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub

Bakı-2015 birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub



Bakı-2015 ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalır. Bununla bağlı martın 4-də "Fairmont Baku” hotelində təşkil edilən tədbirdə birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub.
Avropa Oyunlarının idman və ulduz elçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan idmançılarının Olimpiya oyunlarındakı çıxışından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Bakı-2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq mötəbər yarışa hazırlığın yüksək səviyyədə aparıldığını bildirib. Avropa Oyunlarına biletlərin aprelin əvvəlində satışa çıxarılacağını deyən Saymon Kleq Bakı-2015-in açılış mərasimi üçün biletlərin 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat təşkil edəcəyini media nümayəndələrinin diqqətinə çatdırıb. O bildirib ki, Heydər Əliyev adına İdman Arenasına və Milli Gimnastika Arenasına biletlərin qiyməti 2 manat təşkil edəcək. Digər idman obyektlərində təşkil olunacaq yarışların seçim mərhələsi üçün biletlər 2-3, final mərhələsi üçün isə 5 manata satılacaq.
On altı yaşdan aşağı uşaqların Avropa Oyunlarına pulsuz izləyəcəyini bildirən Saymon Kleq, Bakı-2015-ə biletlərin şəxsiyyət vəsiqəsi ilə satılacağını diqqətə çatdırıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva ölkəmizdə Olimpiya hərəkatının inkişafından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, Azərbaycanı Avropa Oyunlarında 500 nəfərlik heyət təmsil edəcək. Bunlardan 295-i idmançı, 155-i isə texniki heyətdir. İdmançılardan 166-sı kişi, 129-u isə qadındır.
Avropa Oyunlarının əhəmiyyətindən danışan K.Nurullayeva, yerli idmançılarımızın Bakı-2015-ə ciddi hazırlaşdıqlarını vurğulayıb.
Sonra Avropa Oyunlarının medalları nümayiş olunub. Bakı-2015 brendinə uyğun şəkildə hazırlanmış və üzərində dekorativ təsvirlər əks olunan medalların çəkisi 380 qram təşkil edir. Qızıl, gümüş və bürünc medalların mərkəzində Avropa Oyunlarının loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi olan şəhərin metaforası yer alıb. Medalın əks tərəfi isə Avropa Olimpiya Komitəsinin emblemini və mətn simvolunu əks etdirir.

Medallarn tərtibatı Soçi-2014 Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını hazırlamış məşhur zərgərlik brendi "Adamas” ilə azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar "Azərsuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.
Medalları ictimaiyyətə idmançılar təqdim ediblər. Qızıl medalı Olimpiya çempionu Namiq Abdullayev, gümüş medalı Paralimpiya çempionu İlham Zəkiyev, bürünc medalı isə Nankin Olimpiadasının çempionu Teymur Məmmədov nümayiş etdirib.
Tədbirdə könüllülərin Avropa Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə hazırladıqları fləşmob nümayiş etdirildikdən sonra junalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, bu il iyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına 20 idman növü daxil olunub. Avropadan 6 mindən çox idmançı 17 gün ərzində yarışların mükafatları uğrunda mübarizə aparacaq.