Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel martın 4-də Mingəçevirə səfər edib.
Səfir Haydrun Tempel şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüş zamanı N.Bayramov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsindən, şəhərin iqtisadi vəziyyətindən, sosial və mədəni həyatından danışıb.
Almaniya səfirinə şəhərdə aparılan quruculuq və abadlıq işləri, yenidən qurulan Heydər Əliyev parkının layihəsi barədə də məlumat verilib. Qeyd olunub ki, Mingəçevir şəhəri tez-tez irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Şəhərdə keçirilən mühüm əhəmiyyətli tədbirlər Mingəçevirin inkişafında xüsusi rol oynayır. Eləcə də şəhərdə yaradılan istehsal müəssisələri və açılan yeni iş yerləri əhalinin məşğulluğunun təmin olunmasına dəstək verir. Hazırda Mingəçevir şəhəri birinci Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlaşır. Şəhərin bu mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi üçün mühüm işlər görülür.
Görüşdə tərəflər arasında bir sıra sahələrdə fikir mübadiləsi aparılıb.
Sonra qonaq Haydrun Tempel "Kür” Olimpiya Tədris-İdman Mərkəzinə, idmançıların və qonaqların yerləşəcəyi şəhərciyə, mərkəzi şəhər xəstəxanasına səfər edərək yaradılan şəraitlə tanış olub, şəhərin görməli yerlərini və "Sahil” parkını gəzib.
Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan səfir Haydrun Tempel Mingəçevirə gəlişinin tanışlıq məqsədi daşıdığını qeyd edib. Mingəçevirin geniş potensiala malik olması barədə çox eşitdiyini, bu gün isə bütün bunların canlı şahidi olduğunu diqqətə çatdıran qonaq, görülən işləri yüksək qiymətləndirib.
Səfir Mingəçevirdə həyata keçirilən layihələri yüksək qiymətləndirib: "Doğurdan da Mingəçevirin çox gözəl turizm potensialı var. Mən burada çox mehribanlıqla qarşılandım. Mingəçevir mənə çox gözəl təəssürat bağışladı. Əsaslı təmirdən sonra bu günlərdə istifadəyə verilən Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında yaradılan yüksək şərait məni heyran etdi. Bu xəstəxana müasirliyinə görə Almaniyadakı xəstəxanalardan geri qalmır. Şəhərin yaşıllığı, parkları, təmiz havası, insanların qonaqpərvərliyi, şəhərdəki səliqə-sahman, müasir binalar ürəyimcə oldu. Mingəçevir müasir Avropa şəhərlərinə oxşayır. Şəhərdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının şahidi oldum və ümid edirəm ki, yarış iştirakçıları onlar üçün yaradılan şəraitdən razı qalacaqlar”.