Norveç komandası Bakı-2015-də ən azı üç medal qazanmağı planlaşdırır

Norveç komandası Bakı-2015-də ən azı üç medal qazanmağı planlaşdırır

Norveç idmançıları Avropa Oyunları zamanı Bakıdan evə azı üç medalla qayıdacaqlarına ümid edirlər. Məqsədimiz azı üç medal qazanmaq və bundan əlavə beş idman növündə ilk səkkiz komanda sırasına daxil olmaqdır.
Bu sözləri Norveçin Bakı-2015 üzrə nümayəndə heyətinin rəhbəri Tore Ovrebo bu ölkənin Olimpiya Komitəsinin "Olympiatoppen” saytına bildirib.
T.Ovrebo deyib ki, Norveçi idmanın güləş, karate, boks, velosiped, kamandan oxatma, triatlon və atıcılıq növləri üzrə təmsil edən idmançılar Avropa Oyunlarında fəxri kürsüyə çıxmaq üçün yaxşı imkanlara malikdirlər.
"Norveç komandasının heyəti istedad səviyyəsi, ambisiya və yaş baxımından müxtəlifliyi ilə seçilir. Norveç bəzi idman növlərində Bakıya medal qazanmaq potensialı olan aparıcı idmançılarla gedir. Digərləri isə təcrübə qazanmaq üçün yollanırlar”, - deyə T.Ovrebo bildirib.
T.Ovrebo diqqətə çatdırıb ki, bu yarış həmçinin ölkənin bəzi gənc idmançılarının inkişafına töhfə verəcək. Avropa Oyunları gənc idmançılar, xüsusən idmanın üzgüçülük növündəki yeniyetmələr üçün inkişaf arenası olacaq. Yeniyetmələr arasında ruh yüksəkliyini artırmağa çalışırıq. Avropa Oyunlarında yeniyetmələr qarşısında hədəflər qoyulmamalı, əsas məqsəd ruh yüksəkliyi, motivasiya və öyrənmək olmalıdır.