Martın 11-də "Fairmont Baku” mehmanxanasında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım sazişi imzalanıb.
Sazişə əsasən Bakı-2015 yarışları 17 gün ərzində həm AzTV, həm də İdman Azərbaycan kanallarında nümayiş olunacaq. O cümlədən, mümkün qədər çox canlı yarışlar, möhtəşəm açılış və bağlanış mərasimləri və ölkə boyunca məşəlin ötürülməsi turu nümayiş etdiriləcək.
Tədbirdə bir neçə gün əvvəl Milli Gimnastika Arenasında Avropa Oyunlarına hazırlıq məqsədilə təşkil olunan gimnastika növləri üzrə açıq Azərbaycan çempionatından bəhs edən videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakı-2015 ilk Avropa Oyunlarının Azərbaycanın tarixində mühüm rol oynayacağını söyləyib. AzTV-nin Azərbaycan xalqı üçün milli televiziya və radio kanalı olduğunu qeyd edən nazir bildirib ki, bütün ölkəmizin bu tədbirin keçirilməsini və idmançılarımızı dəstəkləyəcəyi çox sevindiricidir.
Nazir qeyd edib ki, Avropa Oyunlarının açılış mərasiminədək "Bakı-2015”in dünyanın 120 ölkəsində nümayiş olunması ilə bağlı sazişlərin imzalanması nəzərdə tutulub. Bunun nəticəsində Avropa Oyunlarını 1 milyarddan artıq insan izləmiş olacaq.
AzTV-nin sədri Arif Alışanov bildirib ki, birinci Avropa Oyunlarını Azərbaycanda, öz tamaşaçılarımıza təqdim etməkdən qürur duyuruq. Bu, ölkə üçün tarixi bir məqamdır və biz aparıcı Azərbaycan yayım şirkəti olaraq Avropa Oyunlarını təşviq etmək və bütün ölkə boyunca davam edəcək möhtəşəm məşəlin ötürülməsi prosesini yayımlamaq üçün Bakı-2015 ilə əməkdaşlıq edərək öz payımıza düşən işi yerinə yetirəcəyik.
Arif Alışanov bildirib ki, Avropa Oyunlarının proqramına daxil olan iki idman növü – boks və güləş AzTV-nin öz texniki və yaradıcı heyətinin imkanları vasitəsilə yayımlanacaq. Təbii ki, digər 18 idman növü də kanallarımız vasitəsilə geniş şəkildə işıqlandırılacaq.
Sonra Azad Rəhimov və Arif Alışanov yayım sazişini imzalayıblar.
Tədbirdə, həmçinin jurnalistlərin sualları cavablandırılıb.