Bakı-2015 və Kapital Bank arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb

Bakı-2015 və Kapital Bank arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb



Martın 13-də Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Kapital Bank arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb.
"Fairmont Baku” mehmanxanasında təşkil olunan tədbirdə əvvəlcə Avropa Oyunlarına hazırlıqdan bəhs edən videoçarx nümayiş olunub. Bakı-2015 Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarının açılış mərasiminə 91 günün qaldığını xatırladıb və 8-ci – sonuncu tərəfdaş kimi Kapital Bank ilə imzalanan müqavilənin əhəmiyyətini yüksək qiymətləndirib.
Saymon Kleq bildirib ki, Azərbaycanda güclü brend olan Kapital Bankı tərəfdaşlarımız arasında görməyimizdən çox məmnunuq. Ümid edirəm ki, Kapital Bank ilə sıx əməkdaşlıq edəcəyik və bu müqavilə hər iki tərəf üçün uğurlu olacaq. Müqaviləyə əsasən Avropa Oyunlarına qatılacaq 6 mindən artıq atlet, KİV nümayəndəsi və qonaqlar Kapital Bank-ın ATM və xarici valyutadəyişmə xidmətindən istifadə edəcək.
Könüllülərin sayının artdığını, "Alov qoruyanlar”ın və texniki heyətin uniformalarının və Bakı-2015-in medallarının ictimaiyyətə təqdim edildiyini vurğulayan Saymon Kleq Avropa Oyunlarının məşəlinin ölkəmizin müxtəlif bölgələrindən keçəcəyini diqqətə çatdırıb.
Ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini vurğulayan Kapital Bank-ın idarə heyətinin sədri Rövşən Allahverdiyev respublikamızda idman infrastrukturunun dünya standartlarına cavab verdiyini bildirib. Qeyd edib ki, Kapital Bank Bakı-2015-in bütün məkanlarında ATM-lər, Media və Atletlər kəndlərində xarici valyutadəyişmə aparatları yerləşdirməklə tamaşaçılar, mətbuat nümayəndələri və idmançılar üçün dəyərli xidmət təmin edəcək. Kapital Bank hər zaman ölkə idmanının inkişafına töhfə verməkdədir. Belə ki, bədii gimnastika sahəsində bir neçə layihə həyata keçirilib. Bank, həmçinin peşəkar futbol klublarının maliyyələşməsində yaxından iştirak edir.
Sonra tərəflər arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb.
Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, Bakı-2015 Kapital Bank-dan əvvəl "Azərbaycan Hava Yolları” QSC, bp, "Coca-Cola”, "Nar Mobile”, "P&G”, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "Tissot” ilə rəsmi tərəfdaşlıq müqavilələri imzalayıb.