Yəhudi Xəbərlər Agentliyi (YXA) "Hillel” Avropa Oyunlarına hazırdır” sərlövhəli məqalə dərc edib.
Məqalədə ölkəmizdəki 70-dən artıq gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Bakıda keçirilmiş illik hesabat konfransından bəhs edilir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev respublikanın müvafiq təşkilatlarını bu ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar müxtəlif aksiya və tədbirlərdə fəal iştirak etməyə çağırıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının çağırışına ilk cavab verənlərdən biri "Hillel”in yəhudi gənclər təşkilatının Bakıdakı nümayəndəliyi və "Makkabi-Azərbaycan” mədəniyyət və idman cəmiyyəti olub.
"Hillel”in Bakı üzrə direktoru və "Makkabi-Azərbaycan”ın vitse-prezidenti Boris Muşailov Yəhudi Xəbərlər Agentliyinə bildirib: "Birinci Avropa Oyunları respublikamızın tarixinə, Avropanın idman tarixinə Azərbaycan üçün 2015-ci ilin əlamətdar hadisələrindən biri kimi düşəcək”.
B.Muşailov vurğulayıb ki, "Hillel”in və "Makkabi-Azərbaycan”ın üzvləri Bakıda Birinci Avropa Oyunlarının uğurla keçirilməsinin Azərbaycan üçün necə vacib olduğunu başa düşürlər.
"Makkabi-Azərbaycan”ın vitse-prezident həmçinin deyib: "Biz artıq Birinci Avropa Oyunlarını müxtəlif forumlarda və yarışlarda, habelə "Taqlit” proqramı çərçivəsində fəal təbliğ edirik. "Hillel”dən və "Makkabi-Azərbaycan”dan könüllülər Birinci Avropa Oyunları ərəfəsində və Oyunlar keçirilən günlərdə Bakının qonaqlarının Azərbaycanın paytaxtı, onun mədəniyyət və tarixi yerləri ilə tanış olmasına kömək etmək, Azərbaycanın multikulturalizm fenomenini populyarlaşdırmaq və əlbəttə ki, idmançılarımıza azarkeşlik etmək niyyətindədirlər”.