Bakı-2015 Avropa Oyunları bizim tarixi nailiyyətimizdir” devizi altında keçirilən yarışın qalibləri müəyyənləşib

Bakı-2015 Avropa Oyunları bizim tarixi nailiyyətimizdir” devizi altında keçirilən yarışın qalibləri müəyyənləşib


Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə martın 12-də Bakı-2015 Avropa Oyunları bizim tarixi nailiyyətimizdir” devizi altında "Məktəbli kuboku” yarışı keçirilib.
Mərdəkanda təşkil olunan turnirdə rayonun 16 məktəbinin komandası mübarizə aparıb. Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla estafet sistemi üzrə yarışıblar. Yarımfinal mərhələsinin yekununa əsasən finalçılar müəyyənləşib. Həlledici yürüşdə isə hər məktəbdən 1 iştirakçı qalib adı uğrunda mübarizə aparıb. Yekunda 7 nömrəli məktəbin velosipedçiləri ən yaxşı nəticə göstərməklə "Məktəbli kuboku”nun qalibi olublar. 11 nömrəli məktəbin komandası ikinci, 1 nömrəli məktəbin təmsilçiləri isə üçüncü yeri tutublar. İlk üç yeri tutan komandalar AVİF tərəfindən pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediliblər.
Qaliblərə mükafatı AVİF-in baş katibi Fərhad Əliyev, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev təqdim ediblər.
Federasiya tərəfindən ötən ilin dekabrında Nərimanov, bir neçə gün əvvəl isə Səbail rayonlarının məktəbləri arasında da pilot layihəli turnir təşkil edilmişdi. Bu yarışlar ümumrespublika "Məktəbli kuboku” turnirinə hazırlıq xarakteri daşıyır.