Yeni istifadəyə verilən Bakı Atıcılıq Mərkəzi haqqında Avropa Atıcılıq Konfederasiyasının rəsmi saytında məlumat yerləşdirilib.
Yazıda ilk Avropa Oyunlarında atıcılıq yarışlarına ev sahibliyi edəcək mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və ailə üzvlərinin iştirak etdikləri qeyd olunub.
Bildirilib ki, Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Bu idman obyektinin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb.
Yazıda ilk Avropa Oyunları çərçivəsində atıcılıq yarışlarının iyunun 16-dan 22-dək davam edəcəyi bildirilib. Bakı-2015-də 330 idmançının (9 kişi, 6 qadın və 4 qarışıq komanda) 19 dəst medal uğrunda mübarizə aparacağı vurğulanıb. Bununla yanaşı, 15 fərdi yarışın qalibləri birbaşa Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.