Bakı-2015 Novruz bayramı münasibətilə möhtəşəm şou təşkil edib

Bakı-2015 Novruz bayramı münasibətilə möhtəşəm şou təşkil edib




Martın 21-də Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Dənizkənarı Milli Parkda Novruz bayramına həsr olunmuş tədbir və möhtəşəm şou təşkil edib.
Axşam saatlarında təşkil olunan tədbirdə lazer işıq effektləri ilə Muzey Mərkəzinin üzərində Bakı-2015-in loqosu, rəsmi rəmzləri – ceyran və nar, eləcə də Novruzun rəmzi olan səməni, Oyunlarla bağlı 3D proyeksiyalarla videoinstalizasiya nümayiş olunub. Burada ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb.
Muzey Mərkəzinin yaxınlığında qurulmuş səhnədə Avropa Oyunlarının 100-dən çox könüllüsü "Alov qoruyanlar” flaşmöblarını göstəriblər.
Tədbirdə birinci Avropa Oyunları barədə məlumat verilib, Oyunlarına hazırılıqla bağlı video-çarx nümayiş olunub. Bildirilib ki, bu il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunlarında qitənin 50 ölkəsindən 6 mindən çox atlet iştirak edəcək. Onlar idmanın 20 növündə qüvvələrini sınayacaqlar.
Eyni zamanda, Bakı-2015 Avropa Oyunlarına online bilet satışının başlanması haqqında məlumat verilib.
Həmçinin Dənikənarı Milli Parkda yaradılmış xüsusi güşədə Avropa Oyunlarına daxil olan idman növləri ilə bağlı müxtəlif müsabiqələr keçirilib, iştirakçılara hədiyyələr təqdim olunub.
Möhtəşəm şou və müsabiqələr paytaxt sakinləri və qonaqları tərəfindən maraqla izlənilib.