bp şirkəti Bakıda keçiriləcək birinci Avropa Oyunlarına və ondan sonrakı yarışlara hazırlaşan Azərbaycanın milli idmançıları üçün nəzərdə tutulmuş elit idmançıların inkişafı və təlimi proqramına dəstək olacaq.
"bp-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu proqram Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin dördqat Olimpiya çempionu və 400 metr məsafəyə qaçış üzrə dünya rekordunun sahibi, dünya şöhrətli idmançı Maykl Consonun rəhbərlik etdiyi, idmançıların təlimi üzrə beynəlxalq nüfuzlu şirkət olan "Michael Johnson Performance” (MJP) şirkəti ilə birgə həyata keçirilir.
Altı aylıq proqrama 2015-ci ilin yanvarında start verilib. Məqsəd milli idmançılardan və məşqçilərdən ibarət böyük bir qrupa "MJP” şirkətinin beynəlxalq təcrübəsindən faydalanmaq imkanı yaratmaq və beləliklə onların idmanda yüksək nailiyyətlər qazanmaqla beynəlxalq idman tədbirlərində Azərbaycanın iştirakını artırmaq istiqamətində gördüyü səylərə dəstək olmaqdır. Proqramın milli idmançıların və məşqçilərin Bakı-2015 Avropa Oyunlarına və 2016-cı ilin Yay Olimpiya Oyunları da daxil olmaqla digər yarışlara yüksək səviyyədə hazırlaşmasını təmin edəcəyi gözlənilir.
Proqramda məşqçilər və idmançılarla, o cümlədən bp-nin xüsusi nümayəndəsi seçilmiş idmançılarla təmsil olunacaq dörd milli idman federasiyasının (yüngül atletika, gimnastika, triatlon və qılıncoynatma) iştirakı nəzərdə tutulub. Bu vaxtadək 30 idmançı və 20 məşqçi yoxlamadan keçərək proqrama seçilib.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, bu proqram beynəlxalq təcrübədən istifadə etməklə idmanda yüksək nailiyyətlər nümayiş etdirməkdə köməklik edəcək. "Bakıda keçiriləcək birinci Avropa Oyunlarına bp-nin dəstəyi Azərbaycanda potensialların artırılması və idmançıların inkişaf etdirilməsi səylərinə yardım etməyə yönəlib. Bir neçə ay əvvəl biz Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) ilə birlikdə Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramına start verdik. Bu proqram təxminən 200 məzunun layihə idarəetmə sahəsində təcrübə qazanmasına və yeni bacarıqlara yiyələnməsinə kömək etmək məqsədi daşıyan innovativ təlim təşəbbüsüdür. Biz inanırıq ki, bunlar ölkəyə idman sahəsində çox yüksək nailiyyətlər qazanmağa, habelə bacarıqlar üzrə davamlı irsin yaradılmasına kömək edəcək” - deyə Q.Birrell qeyd edib.
Azərbaycanın Gənclər və İdman naziri, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov qeyd edib ki, birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaqla yanaşı, bp şirkətinin həm də Azərbaycanda nüfuzlu idmançıların və məşqçilərin inkişafına və təliminə köməklik etdiyini görmək çox gözəldir. "Mən əminəm ki, bu, idmançılarımızın Bakı-2015 oyunlarına hazırlaşmasına daha da köməklik edəcək və onların yarışdıqları idman növlərində öz adlarını birinci Avropa Oyunlarının çempionu kimi tarixə düşməsi üçün göstərdiyi səylərə dəstək olacaq”, - deyə nazir əlavə edib.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib: "Biz 2012-ci ildən etibarən bp şirkəti ilə tərəfdaşlıq edirik və bu tərəfdaşlıq milli Olimpiya komandasının elit idmançılarına sponsorluq, idman jurnalistikası, Gənclərin Avropa Olimpiya Sınaq Yarışları üçün könüllülərin hazırlanması tədbiri də daxil olmaqla bir çox layihələri əhatə edib. Elit idmançıların inkişafı və təlimi proqramı Azərbaycanda ilk dəfə olaraq bu növdə həyata keçirilən yeni və unikal bir təşəbbüsdür. Buna görə də, bu tərəfdaşlığı mən yüksək qiymətləndirirəm və onun uğurlu nəticələr verəcəyinə ümidvaram”.
"Michael Johnson Performance” şirkətinin təsisçisi və prezidenti cənab Maykl Conson qeyd edib ki, bizim məqsədimiz hər bir idmançının inkişaf edərək öz tam atletik potensialına çatmasına yardım etməkdir. "Şirkət dünyada atletik potensialın inkişaf etdirilməsi üzrə təlim sahəsində liderdir və bizim Azərbaycandakı fəaliyyətimiz dünyanın bütün regionlarında idmançılara və məşqçilərə atletik bacarıqların inkişaf etdirilməsini davam etdirmək və bu sahədə mükəmməlliyə nail olmaq məqsədinə xidmət edir”, - deyə M.Conson bildirib.