Almaniyanın qadınlardan ibarət voleybol komandasının yeni baş məşqçisi Luçano Pedulla Avropa Oyunlarında komandasını yarımfinala yüksəlmək niyyətindədir. Bakı-2015-in saytına istinadla xəbər verir ki, 57 yaşlı italiyalı məşqçi Almaniya Voleybol Federasiyası (AVF) ilə müqavilə imzalayıb. Müqaviləyə görə, o, vəzifələrinin icrasına mayın 18-də başlayacaq. Həmin vaxtdan etibarən komanda onun rəhbərliyi ilə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlaşacaq.
L.Pedulla AVF-in veb-saytına müsahibəsində deyib: "Bu il üçün əsas məqsədimiz Olimpiya Oyunları üçün təsnifat yarışlarında uğur qazanmaqdır. Başqa sözlə, biz turnirlərdə mümkün qədər yaxşı oynamaq istəyirik”.
Qarşıdan Birinci Avropa Oyunları gəlir. Məşqçinin Bakı turniri ilə bağlı hədəfləri böyükdür.
"Bakıda yarımfinala yüksəlmək istəyirik, amma püşkatma ilə düşdüyümüz qrupu nəzərə alsaq, bu, bir o qədər də asan olmayacaq”. Bu fikri L.Pedulla Rusiya, Serbiya, Hollandiya, Xorvatiya və Bolqarıstanla birgə iştirak edəcəkləri qrup haqqında danışarkən səsləndirib.
Nəticələrindən asılı olmayaraq, Bakı-2015-in almaniyalı voleybolçular üçün faydalı olacağını bildirən məşqçi deyib: "Dünyanın ən yaxşı oyunçularına və komandalarına qarşı oynamaq bizim üçün çox vacibdir. İnkişafın ən yaxşı yolu budur”.
Məşqçi hamilik edəcəyi komandanın hazırlıq səviyyəsi ilə bağlı deyib: "Mən öz üzərində ciddi işləyən, böyük inkişaf yolu keçmiş bir komanda təhvil alıram. Biz Avropanın ən yaxşı komandalarından biri ola bilərik”.
Baş məşqçinin fikrincə, voleybol üzrə qadınlardan ibarət Almaniya yığmasının Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirak etmək şansı çox yüksəkdir. O deyib: "Alman oyunçular çox intizamlıdırlar. Bu, xoşuma gəlir. İdman zalında çox vaxt keçirməyin əleyhinə deyiləm”.