Aprelin 3-də birinci Avropa Oyunlarının bilet satışına start verilib.
Olimpnews.az xəbər verir ki, bu münasibətlə Park Bulvarda tədbir keçirilib. Tədbirdə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı üzrə şöbəsinin müdiri Miryam Boqotay bildirib ki, hazırda Bakıda 8 məntəqədə bilet satışına start verilib. Oyun gününədək daha 4 məntəqədə bilet satışına başlanılacaq. Oyun vaxtı idman obyektlərində də bilet satışı təşkil olunacaq.
Miryam Boqotay qeyd edib ki, açılış mərasimi üçün milli stadiondan bilet satılmayacaq: "600 min bilet satışa çıxarılacaq. Məsləhət görərdim ki, sonuncu günü gözləməyin, indidən bilet alın. Çünki açılış mərasiminə milli stadiondan bilet satılmayacaq. Açılış mərasiminə 40 min bilet olacaq”.
Şöbə rəhbəri qara bazarda bilet satanların cərimələnəcəyini də bildirib: "Bileti qara bazardan qorumaq üçün tədbirlər görüləcək. Amma onu söyləyim ki, belə hal olarsa, yüksək məbləğdə cərimə tətbiq olunacaq”.
Tədbirdə iştirak edən Bakı-2015-in ulduz elçiləri Bəhram Bağırzadə və Cabir İmanov paytaxt sakinlərini Avropa Oyunlarına bilet almağa çağırıblar və özlərinin təmsil olunacağı idman növləri barədə məlumat veriblər.