Bakı-2015 Avropa Oyunlarının kamandan oxatma yarışlarında iştirak edəcək ölkələr məlum olub

Bakı-2015 Avropa Oyunlarının kamandan oxatma yarışlarında iştirak edəcək ölkələr məlum olub

Yunanıstanın Marafon şəhərində keçirilmiş Avropa Qran-pri yarışlarında Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna kamandan oxatma üzrə həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün üç kvota yeri əldə ediblər.
Kamandan oxatma yarışları Avropa Oyunları üçün son təsnifat yarışı olub. Bakı-2015 yarışlarına ev sahibliyi edəcək Azərbaycan da kişilər və qadınlar arasında keçiriləcək yarışların hər biri üçün üç kvota yerinə malikdir.
Sloveniya və Norveç Bakı-2015 Avropa Oyunları zamanı kişilər arasında keçiriləcək kamandan oxatma yarışlarında iştirak üçün üç yer qazanıb. Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və İsveçrənin hər biri isə qadınlar arasında keçiriləcək yarışlar üçün üç yer əldə edib.
Avstriya, Ermənistan, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San-Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya (universallıq prinsipinə əsasən verilən yer), Kosovo (universallıq prinsipinə əsasən verilən yer) və Serbiya (universallıq prinsipinə əsasən verilən yer) Bakı-2015 Avropa Oyunlarında kişilər arasında keçiriləcək kamandan oxatma yarışları üçün bir kvota yerinə sahib olublar.
Qadınlar arasında keçiriləcək kamandan oxatma yarışları üçün Ermənistan, Avstriya, Bolqarıstan, Kipr, Estoniya, Finlandiya, İrlandiya, Kosovo, Latviya, Moldova, Norveç, Rumıniya, Sloveniya, Slovakiya, İsveç və Litva (universallıq prinsipinə əsasən verilən yer) bir kvota yeri qazanıblar.
Qran-pri oyunlarına gəldikdə, Marafon şəhərində qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş fərdi yarışlarda ilk üç yeri italiyalı oyunçular qazanıblar. Həmin yarışlarda Klaudia Mandina birinci, Sara Violi ikinci, Qvendalina Sartori isə üçüncü yeri tutub.
Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş yarışlarda isə qızıl medalı ikiqat Olimpiya çempionu ukraynalı Markiyan İvaşko əldə edib. İtaliyalı David Paskualikki gümüş, Marko Morello isə bürünc medalın sahibi olub.
Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi Belarus olub. Həmin yarışda Hollandiya komandası gümüş, Ukrayna isə bürünc medala yiyələnib.
Qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi isə Gürcüstan olub. Yunanıstan ilə İtaliya isə, müvafiq olaraq, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Rekursiv kaman kateqoriyası üzrə qarışıq komanda yarışlarında qızıl medalı Ukrayna qazanıb. Böyük Britaniya gümüş, Gürcüstan isə bürünc medala yiyələnib. Yarışın bu növü Bakı-2015 Avropa Oyunları zamanı da keçiriləcək.