Mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaidjan-2015” veloyürüşünin iştirakçıları arasında kifayət qədər tanınmış velosipedçilər olacaq. Onlardan biri Amerika Birləşmiş Ştatlarının "Airgas-Safeway Cycling” komandasının üzvü Kris Hornerdir. Qeyd edək ki, Kris Horner 2013-cü ildə "Radio Shack” komandasının heyətində çıxış edərkən, planetin ən nüfuzlu 3 velosiped yarışından biri sayılan "Vuelta”nın qalibi olmaqla adını dünya idmanı tarixinə yazdırıb. Diqqət çəkən daha bir məqam velosipedçinin bu titulu əldə etmiş ən yaşlı idmançı olmasıdır. Belə ki, Kris Horner 2013-cü ildə "Vuelta” yürüşünün qalibi olarkən 42 yaşının tamam olmasına 1 ay, 8 gün qalmışdı. Azərbaycana ölkəsinin "Airgas-Safeway Cycling” komandasının heyətində gələcək velosipedçi "Tour d’Azerbaidjan”da iştirakını karyerasının yeni səhifəsi kimi dəyərləndirib: "20 illik karyeram ərzində dünyanın bir çox yerlərində olmuşam. Həmişə yeni bir ölkəyə getdikdə, yeni mədəniyyətlə tanış olduqda bundan böyük məmnunluq hissi keçirirəm. Odur ki, "Tour d’Azerbaidjan-2015”də iştirakımı səbirsizliklə gözləyirəm”.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Kris Hornerin "Tour d’Azerbaidjan-2015” də iştirakını önəmli hadisə və yarışın artan nüfuzu kimi dəyərləndirib: "Belə bir idmançını Azərbaycanda görmək olduqca xoşdur və düşünürəm ki, bu amil həm velosipedsevərlərin, həm də mətbuatın böyük marağına səbəb olacaq. Digər tərəfdən, tanınmış velosipedçilərin Azərbaycan Turunda iştirakı yarışımızın dünyada artan nüfuzundan xəbər verir. Bu isə kifayət qədər qürurverici məqamdır” - deyə, Fərhad Əliyev bildirib.