Avropa Oyunları üçün nəzərdə tutulan bütün idman obyektləri aprelin sonunadək istifadəyə veriləcək

Avropa Oyunları üçün nəzərdə tutulan bütün idman obyektləri aprelin sonunadək istifadəyə veriləcək


Avropa Oyunlarına hazırlıq işləri plan üzrə davam edir və bütün idman obyektləri aprelin sonunadək istifadəyə veriləcək.
Olimpnews.az xəbər verir ki, bu sözləri Azərbaycan gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Bakı-2015-in baş ofisində keçirilən Avropa Oyunlarına hazırlıq çərçivəsində yığma komandaların hesabat konfransındakı çıxışında deyib.Tədbirdə Gənclər və Idman Nazirliyinin,idman federasiyalarının rəsmiləri və yığma komandaların baş məşqçiləri iştirak ediblər.
A.Rəhimov ölkəmizdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına hazırlıq prosesinin plan üzrə getdiyini bildirib. Tikinti-abadlıq, təhlükəsizlik və nəqliyyat sahəsində mühüm işlər həyata keçirildiyini deyən idman naziri Bakı-2015-ə 18 minədək könüllü cəlb olunacağını diqqətə çatdırıb. A.Rahimovun sözlərinə görə, onların 5 mini Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində yaxından iştirak edəcək.
Bütün idman yarışlarında olduğu kimi, Avropa Oyunlarında da qazanılan medallar və əldə olunan nailiyyətlərin əsas olduğunu vurğulayan A.Rəhimov Təşkilat Komitəsinin həyata keçirdiyi yeni tamaşaçı proqramında əsas məqsədin Bakı sakinlərini idman zallarına dəvət etməyə yönəldiyini bildirib.
Sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Mirkamil Rəhimov Azərbaycan idmançılarının hazırlığı barədə məlumat verib. O qeyd edib ki, idmançıların hazırlıq prosesi üç mərhələdə aparılıb. Bu mərhələlər ərzində idmançılar müxtəlif təlim toplanışlarında iştirak edib və beynəlxalq turnirində qüvvələrini sınayıblar.
M.Rəhimov Azərbaycanı Avropa Oyunlarında ümumilikdə 288 (166 kişi və 122 qadın) idmançının təmsil edəcəyini də deyib. Bundan başqa, komandamızın heyətində 76 məşqçinin yer aldığı da bəlli olub.
Hesabatdan sonra Azad Rəhimov dopinq məsələsinə toxunub və idmançılara xəbərdarlıq edib.
İclas qapalı müzakirələrlə davam etdirilib



olimpnews.az