Moskvada Bakı-2015 birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Moskvada Bakı-2015 birinci Avropa Oyunlarının təqdimatı keçirilib


Mərasimdə Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva iştirak edib

Aprelin 10-da Moskvada Azərbaycanda keçiriləcək Bakı-2015 birinci Avropa Oyunlarının təqdimatı olub.
Mərasimdə Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva "Ukrayna” mehmanxanasının Konqres mərkəzinə gəldilər.
Heydər Əliyev Fondu və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Rusiyanın ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri və digər nüfuzlu qonaqlar iştirak ediblər.
Qonaqlar əvvəlcə Bakı-2015 birinci Avropa Oyunlarına həsr edilmiş sərgiyə baxdılar. Tədbirin iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında hazırlanmış müxtəlif nəşrlər, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim edildi.
Tədbiri aparan məşhur televiziya və radio verilişlərinin aparıcısı Dmitri Şepelev vurğuladı ki, Bakıda birinci Avropa Oyunlarının keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Öz siyasi, iqtisadi və mədəni əhəmiyyətinə görə diqqəti cəlb edən bu hadisə həm də son illərdə Azərbaycanın idman sahəsində qazandığı uğurlara dəlalət edir.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi.


Birinci xanım Mehriban Əliyevanın çıxışı
- Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Əziz dostlar!
Yenidən Moskvada - gəncliyimin, tələbəlik illərimin keçdiyi və çox işıqlı xatirələrimin bağlı olduğu şəhərdə olmağıma çox şadam. Mənə çox yaxın və mehriban insanların əhatəsində olmaq ikiqat xoşdur. Sizi ürəkdən salamlamaq və bu axşamı bizimlə birlikdə keçirdiyinizə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Bizim görüşümüz bu ilin yayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarına həsr edilib. Biz Avropanın iri paytaxt şəhərləri Roma, London, Paris, Afina, Ankara və Berlində Oyunların təqdimat mərasimlərini keçirmişik. Mən xoşbəxtəm ki, bu gün biz bu Oyunlar barədə dost Rusiyanın paytaxtı Moskva şəhərində danışacağıq.
Azərbaycan ilə Rusiya arasında münasibətlər möhkəm tarixi təmələ əsaslanır. Onilliklər boyu xalqlarımızı humanitar, mədəni və insani əlaqələr bağlayır. Bu əlaqələr ikitərəfli siyasi, iqtisadi və dövləti münasibətlər üçün çox əlverişli şərait yaradıb. Biz Azərbaycanda ənənələrə çox hörmət bəsləyir və tarixi keçmişə qayğı ilə yanaşırıq. Hesab edirik ki, bugünkü Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə əsaslanan səmimi, mehriban qonşuluq münasibətlərinin nümunəsidir. Bizim əməkdaşlığımız ictimai həyatın bütün sferalarını - həm siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə edir. 2013-cü ilin yayında Rusiya Federasiyasının Prezidenti cənab Putinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına güclü təkan verib. Görkəmli siyasi və ictimai xadimlərin başçılığı ilə hökumətləri, parlamentləri, ictimai təşkilatları təmsil edən nümayəndə heyətlərinin müntəzəm keçirilən qarşılıqlı səfərləri yaxşı bir ənənəyə çevrilib və heç şübhəsiz, bu cür səfərlər ölkələrimiz arasında mövcud dostluq əlaqələrini möhkəmləndirir.
Mən, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin başda olmaqla bu gün bu zalda olan, Rusiya hökumətini, parlamentini, Olimpiya Komitəsini təmsil edən ali qonaqları ürəkdən salamlamaq, sizə dərin hörmətimi və minnətdarlığımı bildirmək istəyirəm ki, Siz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə çox böyük töhfə verirsiniz və Azərbaycanın əsl dostlarısınız.
İqtisadiyyatda elə ənənəvi sahələr var ki, orada ölkələrimiz arasında əməkdaşlıq və tərəfdaşlıq çox uğurludur. Buraya energetika sektoru, nəqliyyat, maşınqayırma, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları aiddir. Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi dörd milyard ABŞ dollarına yaxındır. Rusiya Azərbaycanın ümumi idxalında aparıcı yerlərdən birini tutur və iqtisadi əlaqələrin genişlənməsi meyli, heç şübhəsiz, çox müsbət amildir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. Bir sıra məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Rusiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini dəstəkləmiş 155 dövlətdən biri olub. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinin və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunmasının əleyhinə səs verib.
Bizim humanitar əlaqələrimizi xüsusi qeyd etmək istəyirəm. Ona görə ki, mədəniyyət, humanitar əlaqələr insanlar və xalqlar arasında ünsiyyətin əsasıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra respublikada rus dilində təhsil tam həcmdə qorunub saxlanılıb. Ölkədə təhsilin rus dilində aparıldığı 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Fakültələrinin sayı artmaqda olan bu filial Azərbaycanda aparıcı təhsil ocaqlarından birinə çevrilib. İki dövlətin prezidentlərinin təşəbbüsü ilə hər il keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkələrimiz arasında humanitar əlaqələrin inkişafının parlaq göstəricisidir. Bu forumda Azərbaycan və Rusiyanın görkəmli siyasi xadimləri, ekspertlər, elmi və yaradıcı ziyalıların nümayəndələri iştirak edirlər. Azərbaycanda keçirilən musiqi festivalları, məsələn, Rostropoviç adına festival və Qəbələ festivalı Rusiyanın görkəmli, dünya şöhrətli musiqiçilərinin və aparıcı kollektivlərinin çıxış etdiyi ənənəvi platformaya çevrilib.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyini ayrıca qeyd etmək istərdim. Bu təşkilat nisbətən yaxın vaxtlarda yaradılıb. Lakin bu təşkilat Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri sıx birləşdirib və onların Rusiya cəmiyyətinə inteqrasiyası prosesinə kömək edir.
İdman sahəsində, Olimpiya hərəkatında bizim çox yaxşı tərəfdaşlıq əlaqələrimiz var. Fürsətdən istifadə edib sizi 2014-cü ildə Soçidə çox parlaq şəkildə təşkil edilmiş və keçirilmiş Qış Olimpiya Oyunları və əlbəttə, rusiyalı idmançıların yüksək nəticələr göstərərək, komanda hesabında birinci yeri tutmaları münasibətilə bir daha təbrik etmək istərdim. Həmin Oyunları həm də ona görə böyük maraqla izləyirdik ki, biz də tezliklə bu cür genişmiqyaslı və mühüm idman tədbirini təşkil etməli və ona ev sahibliyi etməli idik.
Bu gün Azərbaycanda idmanın, olimpiya hərəkatının dəstəklənməsi dövlət siyasətinin prioritetlərindən biridir. Biz müstəqil dövlət kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirik və atletlərimizin göstərdiyi nəticələrlə haqlı olaraq fəxr edirik. Londonda keçirilmiş sonuncu Yay Olimpiadasında bizim komanda 10 medal, o cümlədən iki qızıl medal qazanıb və Avropa ölkələri arasında 12-ci, bütün iştirakçılar arasında 30-cu yeri tutub. Keçən il Çində yeniyetmələr arasında keçirilmiş Olimpiya Oyunlarında bizim komanda, gənc atletlərimiz 12 medal, o cümlədən 5 qızıl medal qazanaraq 200-ə yaxın iştirakçı komanda arasında onuncu yeri tutub.
Azərbaycanda idman infrastrukturunun qurulmasına və modernləşdirilməsinə böyük diqqət yetirilir. Son 10 ildə ölkədə 40-dan artıq müasir Olimpiya Mərkəzi inşa edilib. Təbii ki, bunun nəticəsində idmanla məşğul olan, idmanı özünün peşəkar fəaliyyəti kimi seçən gənclərin sayı ildən-ilə artır, onların qarşısında gözəl perspektivlər və imkanlar açılır.

Bizim ölkədə iri beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində yaxşı təcrübə toplanıb. Bakıda müntəzəm olaraq idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Bu tədbirlərin təşkilinin yüksək səviyyədə olması həm idmançılar, həm də nümayəndə heyətlərinin üzvləri tərəfindən qeyd edilir.
Bir sözlə, bütün bu amillər və idmançılarımızın uğurları, idmana dövlət tərəfindən göstərilən güclü dəstək, müasir idman infrastrukturu və əlbəttə, ölkəmizin sürətli inkişafı Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi haqda qəbul etdiyi qərarın əsasını təşkil edib. Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq. Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Oyunlarda 6 mindən çox atlet iştirak edəcək. Onlar 16-sı Olimpiya idman növləri olmaqla 20 idman növündə yarışacaqlar. Təbii ki, Bakı Oyunları bütün gələcək Oyunlar üçün səviyyə, standart müəyyən edəcək. Oyunlara hazırlaşmaq üçün bizə cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindəyik. Çox güclü Təşkilat Komitəsi bunun üçün zəruri olan bütün işləri görür. Biz beynəlxalq idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar ilə əməkdaşlıq edirik. Könüllülər bizi çox güclü dəstəkləyirlər. Azərbaycanda minlərlə gənc bu Oyunlarda könüllü olmaq arzusunu bildirib. Bütün idman obyektlərinin tikintisi artıq başa çatdırılıb və Oyunların iyunun 12-də keçiriləcək açılışına qədər nəzərdə tutulan bütün 35 test tədbiri keçiriləcək. Biz Atletlər Kəndi ilə haqlı olaraq fəxr edirik. Əminəm ki, rusiyalı idmançılar bu kənddə yaşamaqdan böyük məmnunluq duyacaqlar. Çünki biz həm yarışlara hazırlaşmaq, həm də istirahət üçün maksimum rahat şərait yaratmağa çalışmışıq. Biz Media Kəndi ilə də fəxr edirik. Bu qurum məxsusi olaraq media nümayəndələri üçün yaradılıb və o da ən yüksək dünya standartlarına uyğundur. Oyunları mindən çox yerli və xarici reportyor işıqlandıracaq, 50-dən çox şirkət Oyunların 100-dən artıq ölkədə yayımlanmasını təmin edəcək.
Əlbəttə, biz birinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi istəyirik ki, qonaqlarımız bizim ölkəmiz - Azərbaycan haqqında daha çox məlumat əldə etsinlər. Azərbaycan müstəqil dövlət kimi gəncdir, lakin bu ölkənin qədim tarixi kökləri, zəngin mədəniyyəti var. Bildiyiniz kimi, bizim paytaxtımız Bakı şəhəri Böyük İpək Yolu üzərində, Qərb ilə Şərqin qovuşuğunda yerləşir və bir sıra mədəniyyətlərin və sivilizasiyaların ruhunu mənimsəyib. Biz çox geniş və maraqlı mədəni proqram hazırlamağa çalışmışıq və ümidvarıq ki, Azərbaycanın qonaqları bizim qədim və eyni zamanda, gənc diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər. İndi, Oyunların başlanmasına cəmi 2 ay qaldığı bir vaxtda bizim bütün komandamız öz səylərini hazırlıq işlərinin finalı üzərində cəmləşdirib. Lakin mən artıq bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı qəbul etməyə hazırdır. Biz hamımız möhtəşəm bir bayram - sülh, dostluq və idman bayramı ərəfəsindəyik. Əminəm ki, birinci Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək.
Əziz dostlar, fürsətdən istifadə edib sizin hamınızı Bakıya gəlməyə, bu Oyunlarda iştiraka dəvət etmək istəyirəm. Gəlin, idmançılarımıza, komandalarımıza birlikdə azarkeşlik edək.
Qonaqpərvərliyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Sağ olun.
*  *  *
Sonra Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov çıxış etdi. O vurğuladı ki, Avropa Olimpiya Komitəsi mühüm və düzgün qərar qəbul edib - Avropaya öz Oyunları lazım idi.
A.Jukov dedi: "Çox yaxşı haldır ki, bu birinci Avropa Oyunları möhtəşəm, gözəl Bakı şəhərinə, Azərbaycana həvalə edilib. Bu, həqiqətən çox düzgün qərardır. Biz Azərbaycanda idmanı necə sevdiklərini bilirik. Onu da bilirik ki, Bakı çoxsaylı iri yarışları parlaq səviyyədə keçirib, bu sahədə çox böyük təcrübəsi var”.
Rusiya Olimpiya Komitəsinin rəhbəri bildirdi ki, Bakı gözəl, möhtəşəm şəhər olmaqla bərabər, həm də idman şəhəridir. A.Jukov vurğuladı: "Mən əsla şübhə etmirəm ki, Bakı bu Oyunları parlaq səviyyədə keçirəcək”.
Rusiya Olimpiya Komitəsinin prezidenti qeyd etdi ki, onun ölkəsi qarşıdakı Avropa Oyunlarına çox ciddi münasibət bəsləyir. Rusiya komandasının tərkibində ən güclü idmançılar olacaq.
Aleksandr Jukov dedi: "Bizim yaxşı bir ənənəmiz var - Rusiya Komandası Evi yaratmaq ənənəsi. Biz Bakıda da belə bir ev yaratmaq istəyirik. Orada bizim müştərək idman tariximiz nümayiş etdiriləcək. Bu, həm Bakı sakinləri, həm də Oyunlara gələnlər - xarici turistlər, əcnəbi azarkeşlər, bizim Rusiya komandasının azarkeşləri üçün çox maraqlı olacaq. Həm Təşkilat Komitəsinə, həm də Avropanın ən yaxşı idmançılarını Bakıda qəbul edəcək hər kəsə uğurlar arzulamaq istərdim”.
*  *  *
Sonra mərasim iştirakçıları Bakı-2015 birinci Avropa Oyunlarına həsr edilmiş filmə baxdılar. Filmdə Bakı-2015 Oyunlarına hazırlıq işləri, Azərbaycanın paytaxtında yarışlar ilə əlaqədar həyata keçirilən mühüm layihələr əks olunub.