Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Bakı-2015 Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov Belçikaya rəsmi səfərə yola düşüb.
Proqrama görə, Brüsselin "Egmont” sarayında keçiriləcək qala gecədə nazir Azad Rəhimovun, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sabiq prezidenti Jak Roqq, Belçika Olimpiya Komitəsinin prezidenti Pierre-Olivier Beckers və Avropa Parlamentinin vitse-prezidentinin çıxışları nəzərdə tutulub.
Təqdimat mərasimi çərçivəsində Bakı-2015 Avropa Oyunlarına hazırlıqla bağlı videoçarx və fotosərgi nümayiş etdiriləcək. Səfərin ikinci günü isə Avropa Parlamentində Bakı-2015 Avropa Oyunlarının təqdimat mərasimi olacaq. Mərasimdə A.Rəhimov, Avropa Parlamentinin üzvü İlham Kyuçyuk, Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü Mark Tarabella və digər rəsmi şəxslər iştirak edəcək.
"Dəyirmi masa” ətrafında keçiriləcək təqdimat mərasimində Bakı-2015 Avropa Oyunları ilə yanaşı, Azərbaycan və Avropa Parlamenti arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər sahəsində yeni layihələrin işlənilməsi, müxtəlif sahələrdə əldə edilmiş razılıqlar və digər mövzular müzakirə olunacaq.