"Rossiya 1” telekanalının "Vesti nedeli” analitik proqramında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına həsr edilən süjet nümayiş olunub.
Tanınmış jurnalist, "Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kisilyovun müəllifi olduğu verilişdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə qısa müsahibə də verilib.
Süjetdə qeyd olunur ki, Avropa Oyunları Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində daha bir addım, eyni zamanda, Avropa dəyərlərinə sadiqliyinin sübutudur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva telekanala müsahibəsində qeyd edib ki, birinci Avropa Oyunlarının başlıca fərqli cəhəti xeyirxahlıq və qonaqpərvərlik ab-havası olacaq. Mehriban Əliyeva deyib: "Biz ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik. Bildiyiniz kimi, Azərbaycan qədim diyardır və multikulturalizm, dözümlülük, tolerantlıq kimi anlayışlar bizim xalqımıza məxsus keyfiyyətlərdir. Ümid edirəm ki, ilk Oyunların başlıca fərqli cəhəti qonaqpərvərlik, xeyirxahlıq, bayram ab-havası olacaq. Əminəm ki, bunu bütün qonaqlar hiss edəcəklər. Oyunlara hazırlıq üçün bizə cəmi iki il yarım vaxt ayrılmışdı. Bu vaxtın çox dar məqam olduğuna baxmayaraq, biz idmançılar, rəsmi şəxslər, paytaxtımızın qonaqları üçün maksimum rahat şərait yaratmağa çalışmışıq ki, bu bayram əsl birlik, dostluq və idman bayramına çevrilsin”.
Rusiya jurnalistlərinin fikrincə, ilk Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın namizədliyi təsadüfən seçilməyib. 2012-ci ildə burada "Eurovision” mahnı müsabiqəsi uğurla keçirildi. Avropa Oyunları üçün də onlarca obyekt tikilib və yenidən qurulub, nəqliyyat və mehmanxana infrastrukturu hazırlanıb. Olimpiya kəndinin tikintisi başa çatdırılır.
Təşkilat Komitəsinin üzvləri çəkiliş qrupuna qarşıdan gələn Oyunların başlıca arenası - Bakı Olimpiya Stadionu, Heydər Əliyev adına İdman Kompleksi, "Crystal Hall”, Xəzərin sahilində çimərlik və su idman növlərinin keçirilməsi üçün inşa edilmiş Su İdmanı Sarayı barədə söhbət açıblar.
Süjetdə deyilir: "Bakıda bütün obyektləri bir-birinə yaxın tikməklə Oyunların məkanını maksimum yığcam etməyə çalışıblar. Obyektlərin hamısı şəhərin mərkəzində, bulvar və İçərişəhərə yaxın yerdə inşa olunub. Elə Atletlər Kəndi də əsas idman meydançalarının yaxınlığındadır”.
Rusiya tamaşaçılarına hazırlıq mərhələsində Soçi təcrübəsindən istifadə olunduğu, 1300-dən çox xarici media qurumunun akkreditasiyadan keçdiyi, Hindistan, Çin, Afrika, Amerika teleşirkətləri ilə müqavilələr bağlandığı barədə də məlumat verilib. Oyunların baş əməliyyat direktoru Saymon Kleq isə vurğulayıb ki, Oyunlar bütün dünyada yayımlanacaq.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, yarışlarda 6200-ə yaxın idmançının və 300-dən çox nümayəndə heyəti üzvlərinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsinin üzvü olan 50 ölkənin hamısı iştirakını təsdiqləyib.
"Vesti” kanalının müxbiri süjetini yekunlaşdıraraq deyib: "Bakıda Avropa Oyunlarının keçid mərhələsi olduğunu, başlıca məqsədin Yay Olimpiya Oyunları olduğunu gizlətmirlər. Gecələr Bakı Şərq nağıllarını xatırladır. Minlərlə projektorla işıqlandırılan və kosmosdan gələcək Oyunların mayakını xatırladan idman obyektlərini görəndə aydın olur ki, Azərbaycanın Olimpiya Oyunlarını keçirmək iddiası əsassız deyil. Birinci olmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir”.