Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru “Giltex” fabrikində olub

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru “Giltex” fabrikində olub


Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq "Gilan” tekstil parkının ticarət nişanı "Giltex” fabrikində olub.
Sumqayıtdakı müəssisədə istehsal prosesi ilə tanış olan S.Kleq tekstil parkının rəhbərliyi ilə əməkdaşlıq məsələlərini müzakirə edib. Saymon Kleq bildirib ki, ilk Avropa Oyunları Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək. Ölkənin yeni şirkətlərindən olan "Giltex”də yüksək keyfiyyətli məhsul istehsalı üçün hər cür şərait var. BEGOC-un xidmət heyəti, 18 min könüllü və digər sahələrdə çalışacaq əməkdaşlar üçün uniforma və geyimlər məhz bu müəssisədə hazırlanacaq.
Fabrik yüksək keyfiyyətli məhsullar istehsal etdiyi üçün birinci Avropa Oyunlarının vahid geyim təchizatçısı seçilib. Uniformaların yerli pambıqdan hazırlandığı müəssisədə istehsal prosesində heç bir kimyəvi məhsuldan istifadə edilmir. Bu fabrikdə BEGOC üçün 7 növdə ümumilikdə 110 min uniforma istehsal olunacaq. Bu geyimlərə həm kişi, həm də qadın işçi qüvvəsi, eləcə də texniki və rəsmi heyət, habelə mərasim iştirakçıları üçün müxtəlif çeşidli köynəklər daxildir.