Almaniyanın Berlin TV kanalında Avropa Oyunları ilə bağlı Bakıdan xüsusi reportaj təqdim olunub.
Aileen Vaurikinin müəllifi olduğu reportajda Bakıda qədimliyin və müasirliyin vəhdət təşkil etdiyi vurğulanır.
Qədim İçərişəhər barədə danışan müəllif son illər şəhərdə müxtəlif sahələri əhatə edən müasir obyektlərin də inşa olunduğunu vurğulayır. Diqqətə çatdırılır ki, Azərbaycanın paytaxtı birinci Avropa oyunlarını keçirmək üçün hazırlıqları başa çatdırıb. Süjetdə Bakının tolerant şəhər olduğu, buradakı qədim abidələrin bir çoxunun UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salındığı qeyd edilir.
Reportajda Milli Məclis sədrinin müavini Bahar Muradovanın Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı fikirləri də yer alıb. Bahar Muradova Azərbaycanın bütün bölgələrində müasir idman obyektlərinin inşa olunduğunu bildirərək deyib ki, belə oyunların keçirilməsi yüksək səviyyəli əməkdaşlığa əsaslanır.
Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniyanın "Godd Media” təşkilatı Azərbaycanda idmanın, turizmin, vətəndaş cəmiyyətinin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında 8 reportaj hazırlayaraq Berlin TV kanalında yayımlayacaq.