İsveçrənin geniş oxucu kütləsinə malik nüfuzlu "L’Extension” jurnalında müəllif Klod Eqinin "Bakıda birinci Avropa Oyunları: Yeni tədbir üçün Olimpiya ruhu” sərlövhəli məqalə dərc edilib. Məqalədə bu ilin iyununda ilk dəfə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətindən söz açılıb, çoxnövlü idman yarışında Avropanın 49 Olimpiya Komitəsindən 6 minədək atletin idmanın 20 növü üzrə mübarizə aparacağı bildirilib.
Müəllif Avropa Olimpiya komitələrinin prezidentlərinin Azərbaycanda Oyunların keçiriləcəyi idman qurğularına bir neçə dəfə səfər etdikdən sonra bu mötəbər tədbirə hazırlığın yüksək sürət və keyfiyyətindən, habelə təşkilatçılıq səviyyəsindən əmin olduqlarını qeyd edib. Azərbaycanda Oyunlara hazırlıq prosesi çərçivəsində həyata keçirilən iri infrastruktur layihələrindən söhbət açılan yazıda 68 min tamaşaçı yerlik Bakı Olimpiya Stadionunun dünyada ən müasir arenalardan biri olduğu xüsusi vurğulanıb.
Bakının, həmçinin mədəniyyət baxımından cəlbedici olduğunu vurğulayan K.Eqi yazır: "Bakı bir mədəniyyət şəhəridir. Oraya səfər etdikdə buna tam əmin olmaq mümkündür. Bu, qədim simasını saxlayan və arxeoloji zənginliklərini sərgiləyə bilən şəhərdir. Bu şəhərdə cəsarətli arxitektur layihələri həyata keçirilib ki, onlardan biri də gecələr dövlət bayrağının rənglərinə uyğun işıqlandırılan və bir növ möhtəşəm tamaşa təqdim edən məşhur "Alov qüllələri”dir. Burada yeni tikililər çox vaxt müstəsna memarlıq üslubuna inşa olunur”.
Oyunların digər məqsədinin iqtisadi, ekoloji və sosial vəziyyəti daha da yaxşılaşdırmaq olduğunu qeyd edən müəllif xüsusən tarixi Böyük Şor gölünün ətrafında davamlı inkişaf qaydalarına uyğun aparılan abadlaşdırma işlərini yüksək qiymətləndirib. "Avropa Oyunlarını insanlar arasında bərabərliyə və sülhə çağıran Olimpiya ruhundayüksək səviyyədə təşkil etmək Azərbaycanı xarakterizə edən multikulturalizm dəyərlərini bütün dünyaya göstərəcək”, - deyə məqalədə vurğulanır.
Həyata keçirilən layihələrin Azərbaycanın iqtisadiyyatının və tikinti sənayesinin inkişafına güclü təkan verdiyini diqqətə çatdıran müəllif Bakıda və ətraf ərazilərdə genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib.