Aprelin 20-də Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində yarışın məşəl proqramı açıqlanıb. Tədbirdə məşəl proqramının marşrutundan bəhs edən videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının qitə idmanı və Azərbaycan üçün tarixi hadisə olduğunu bildirib. Bu, ölkəmizin Avropa ailəsinin müstəqil, gələcəyə ümidlə baxan bir üzvü kimi inkişafına böyük töhfə verəcək. Özünəməxsusluğu ilə fərqlənəcək bu səyahət 60 rayon və şəhərdən keçərək Azərbaycanın tarixi, təbii imkanları, idman və mədəni sahədəki uğurlarını nümayiş etdirəcək.
Bakı-2015 ilk Avropa Oyunlarının məşəlinin aprelin 26-da "Atəşgah” məbədində keçiriləcək mərasimlə alovlandırılacağını deyən nazir alovun 48 gün ərzində 5,5 min kilometr məsafə qət edəcəyini diqqətə çatdırıb.
Bakı-2015 Əməliyyat Komitəsinin mərasimlər üzrə direktoru Katerina Uqvu deyib ki, alov səyahəti Avropa Oyunlarına gedən yolda yüksək əhval-ruhiyyənin və marağın yaranmasına səbəb olacaq. Səyahət bundan sonra baş verəcək hadisələrin gedişatını müəyyən edəcək. Səyahət zamanı ümumilikdə mindən çox məşəlçi iştirak edəcək. Məşəl yer üstündə - avtobus, funikulyor, velosiped, yer altında isə Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.
İlk Avropa Oyunlarının məşəl və çırağını "YARAT” Müasir İncəsənət Məkanının bədii rəhbərliyi ilə birgə hazırlayan Sebastian Berqne onun Azərbaycanın ənənəvi metal işləmələrindən ilham alınaraq çox gözəl dizayn edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, məşəlin 66 santimetrlik gövdəsi Bakı-2015-in rəmzi olan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi isə Avropa Oyunlarında iştirak edən ölkələrin sayını göstərir.
Bakı-2015-in rəqəmsal media bölümünün rəhbəri Çerlez Henri-Kantamin yaxın günlərdə məşəl proqramı ilə bağlı yeni saytın istifadəyə veriləcəyini bildirib. Qeyd edib ki, Azərbaycanın bölgələrini əhatə edəcək məşəl səyahətı zamanı istifadəçilər şəkillərini və ismarıclarını bu resursda yerləşdirə biləcəklər. Həmin internet resursu sosial şəbəkələrlə birbaşa əlaqəli olacaq. Biz bunu "Facebook”, "Instagram” və digər sosial şəbəkələrin Azərbaycanda kifayət qədər populyar olması ilə əlaqələndirmişik.
Sonra Bakı-2015-in idman və ulduz elçiləri Nazim Babayev və Tünzalə Ağayeva ilk Avropa Oyunlarının məşəlini və çırağını ictimaiyyətə təqdim ediblər. Tədbirdə, həmçinin məşəl proqramı üçün hazırlanacaq yeni saytın reklam versiyası da nümayiş olunub.
İlk Avropa Oyunlarının məşəl və çırağını Sidney-2000, Afina-2004 Olimpiya Oyunları və Doha-2006 Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb. Məşəlin daşınacağı marşrut boyunca keçiriləcək tədbirlərdə minlərlə insanın iştirak edəcəyi gözlənilir. Məşəl proqramı çərçivəsində 15 bölgədə Alov festivalı təşkil olunacaq ki, burada rəsmi şəxslərin, incəsənət ulduzlarının və tanınmış idmançıların iştirakı nəzərdə tutulub.