Bakı-2015 birinci Avropa Oyunları Böyük Britaniyanın “BT Sport” televiziya kanalı ilə yayım müqaviləsi imzalayıb

Bakı-2015 birinci Avropa Oyunları Böyük Britaniyanın “BT Sport” televiziya kanalı ilə yayım müqaviləsi imzalayıb


Bakı-2015-in yayımını "BT Sport” özünün üç idman kanalı, "BT Sport Extra” və rəqəmsal platformalar vasitəsilə təmin edəcək.
Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, "BT Sport” və Avropa Oyunları arasında mükəmməl uyğunluq var. "BT Sport”un Britaniya yayım məkanında özünəməxsus yeri var. Bakı-2015 isə Avropa idmanının son 50 illik tarixində iz qoyacaq əhəmiyyətli tədbirdir. "BT Sport” artıq futbol üzrə İngiltərə Premyer Liqasının yayımını təşkil etməklə yüksək standartlara cavab verən proqram sisteminə malik olduğunu sübut edib. Növbəti mövsümdən etibarən UEFA Çempionlar Liqasının yayım hüququnu əldə etmələri onların nə qədər məqsədyönlü olduqlarını göstərir. Biz "BT Sport”un ilk Avropa Oyunlarının yayımını təmin edəcək növbəti aparıcı televiziya şəbəkəsi olmasından məmnunluğumuzu bildiririk.
Beləliklə, Bakı-2015-in yayımı artıq Avropanın və dünyanın hər bir nöqtəsində gerçəkləşəcək. Bundan əvvəl isə ABŞ, Kanada, Avstraliya, Çin, Honqkonq, Hindistan, Latın Amerikası və körfəz ölkələri, eləcə də Avropanın digər televiziya şirkətləri ilə yayım müqavilələri imzalanıb.