Fransanın idman həyatından bəhs edən www.francjeux.com internet portalında Bakıda keçiriləcək ilk Avropa Oyunları, Azərbaycanın bu mötəbər idman tədbirinə hazırlığı ilə bağlı "Bakıda idmançılar tarixə düşmək istəyəcəklər” sərlövhəli məqalə yerləşdirilib. Məqalədə əsasən, Bakı-2015 ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman direktoru Pirs Okallahanla müsahibə təqdim olunub.
Yazıda ilk Avropa Oyunlarının açılışına iki aydan da az vaxt qaldığı diqqətə çatdırılıb, idmanın müxtəlif növləri üzrə yarışların keçiriləcəyi vaxtlar qeyd olunub. Atletlərin yüksək ustalıq nümayiş etdirərək elə ilk anlardan adlarının tarixə düşməsi üçün çalışacaqları məqalədə xüsusi vurğulanır.
İlk Avropa Oyunlarında idmanın 20 növü üzrə yarışlarla bağlı seçimin düzgün olub-olmaması barədə portalın sualını cavablandıran Pirs Okallahan idman növlərinin kəmiyyətinin onu keçirən ölkədən və şəhərdən asılı olduğunu bildirib.