Velosiped üzrə Hollandiya milli komandasının məşqçisi Johan Lammerts Bakı-2015 ilk Avropa Oyunlarında velosiped idmanının şose növündə yarışacaq 12 idmançının adını açıqlayıb.
Qadınlardan ibarət komandanın əsas ulduzu olan Olimpiya çempionu (2012-ci il) Marianne Vos şose velosipedi yarışı üzrə üç dəfə dünya və iki dəfə Avropa birinciliyinin qalibi olub. Digər beş qadın velosipedçi - Çantal Blaak, Lusinda Brand, Anna van der Breqqan, Ellen van Diyk və Annemiek van Vleutendir, E.Diyk və A.Vleuten Bakı-2015-də şose velosipedi yarışında mübarizə aparacaqlar. İki dəfə Avropa çempionu olan 28 yaşlı E.Diyk 2013-cü ildə dünya birincisi olub.
Kişilərdən ibarət komanda da Azərbaycanda güclü heyətlə təmsil olunacaq. Heyətə şose velosipedi üzrə iki dəfə dünya çempionu və 2014-cü il "Paris-Raubaix Monument” yürüşünün qalibi olan Niki Terpstra daxildir. O, "Flandriya” turunda ikinci yerlə kifayətlənmişdi. N.Terpstradan başqa, yarışda Matyu van der Poel, Pim Liqthart, Vouter Vippert, Nik van der Liyke və Stef Klement də mübarizə aparacaqlar.
Məşqçi J.Lammerts bildirib ki, Avropa Oyunları Rio-2016 Yay Olimpiya Oyunlarına yaxşı hazırlıq yarışlarıdır. Biz həm qadınlardan, həm də kişilərdən ibarət komanda ilə Bakıya gedirik.
Hollandiya komandasının Bakı-2015 üçün şef-demissionu Jeroen Bijl komandanın tərkibindən məmnunluğunu bildirərək deyib: "Hər iki komanda çox güclüdür. Bu, idmançıların və məşqçilərin Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını göstərir”.
Hollandiyanın Milli Olimpiya Komitəsi Bakıda velosipedin BMX növündə yarışacaq idmançıların adlarını yaxın günlərdə açıqlayacaq. Dağ velosipedi üzrə mübarizədə isə indiyədək Miçiel van der Heijden təsdiqlənib.