Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfirliyinin məlumatına əsasən, Xorvatiyanın velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan "Pedalinac” velosiped klubu tərəfindən "Bakı 2015 ilk Avropa Oyunlarına velosipedlə” adlı layihə irəli sürülmüşdür. Layihəyə əsasən 7 velosipedçinin 2015-ci il may ayının 5-də Xorvatiyanın Dubrovnik şəhərindən təqribən 4000 km-lik yürüş edərək Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi planlaşdırılır. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüşün marşrutu Xorvatiya - Monteneqro - Albaniya - Makedoniya - Yunanıstan - Bolqarıstan - Türkiyə - Gürcüstan - Azərbaycan olacaq. Qeyd edək ki, bu yürüş Bakı-2015 birinci Avropa Oyunlarının təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Sözügedən yürüşün marşrutunun böyük bir hissəsinin TANAP və TAP layihələrinin keçdiyi marşrut ilə üst üstə düşməsi Cənubi Qaz Dəhlizi layihəsinin təbliği baxımından da əhəmiyyətlidir. Velosipedçilərin Xorvatiyaya qayıdışı iyun ayının 15-ə planlaşdırılır.
Məlumat üçün qeyd edək ki, "Pedalinac” velosiped klubu 2007-ci ildə fəaliyyətə başlayıb. Klub 2008-ci ildə Pekin Yay Olimpiya Oyunları ərəfəsində Zaqrebdən Pekinə qədər dörd ay davam edən 12000 km-lik velosiped yürüşü təşkil etmişdi. Bununla yanaşı, London-2012 və Soçi-2014 Olimpiya Oyunlarından əvvəl Xorvatiyadan qeyd olunan şəhərlərə də uğurlu velosiped yürüşləri həyata keçirilib.