Aprelin 21-24-də Polşada Bakı-2015 İlk Avropa Oyunlarına həsr edilmiş silsilə tədbirlər keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov və MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı-2015 I Avropa Oyunları Nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak ediblər.
Tədbir çərçivəsində Polşa Olimpiya Komitəsinin inzibati binasında Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Polşa Olimpiya Komitəsinin prezidenti, Polşanın idman və turizm naziri, Polşa Prezidenti yanında Aparatın rəhbəri, Polşanın İdman Birliklərinin və dövlət qurumlarının nümayəndələri, KİV nümayəndələri iştirak ediblər.
MOK-un nümayəndələri, həm də həmin gün Polşa Olimpiya Komitəsinin Baş Assambleyasının illik yığıncağında iştitrak edib və Avropa Oyunlarının təqdimatını keçiriblər. Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov Polşa-Azərbaycan münasibətlərinin tarixi köklərinə toxunub və I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb.
Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı Polşada müxtəlif qurumlarda keçirilən görüşlərdə təqdimatla yanaşı Bakı-2015 Oyunları ilə bağlı polşa dilində hazırlanmış xüsusi video çarx nümayiş etdirilib və bukletlər paylanıb.
Eyni zamanda tədbirlər çərçivəsində Polşa Olimpiya Komitəsinin mətbu orqanı olan "Olimpiyski” jurnalının növbəti buraxılışının təqdimat mərasimi olub. Jurnalın növbəti buraxılışı "Debutdan əvvəl" adı altında Bakı- 2015 Avropa Oyunlarına həsr edilib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Polşanının "Olimpiyski” jurnalına, Polşa Mətbuat Agentliyinə, Polşanın 1-ci və 4-cü radio proqramlarına, "TV Polsat” kanalına, Polşa Radio Məlumat Agentliyinə, "İdman İcmalı” qəzetinə və Polşa Voleybol Birliyinin internet səhifəsinə müsahibə verib.