Çoxdandır bir ifadə, "Bakı-2015 Avropa Oyunları” kəlməsi qəlbimizi fərəh hissi ilə doldurur. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında sıx birləşdirir, onların qürur mənbəyinə çevrilir. "İlk Avropa Oyunları” ifadəsində ən çox xoşuma gələn "ilk” sözüdür və Azərbaycan həmişə "ilk”lərdən olub. İlk olmaqdan ötrü bütün sahələri möhkəmləndirməklə demokratik, hüquqi bir dövlət kimi daim inkişafdadır.
İlk Avropa Oyunlarının addım səsləri artıq ölkəmizin hər yerində eşidilir. Ölkəmizdə yeni bir canlanma, ruh yüksəkliyi, qurub-yaratmaq eşqi aydın hiss olunur. Sanki ölkəmizə bahar yenidən gəlir. İnsanların düyğu və düşüncələrini yeni bir sevda, Avropa Oyunları sevdası öz ağuşuna alır. Təbəssümlərdə bir sevinc, addımlarda bir mətinlik hiss olunur. Bəstəkarın nəğməsinə yeni bir ritm, şairin şeirinə yeni bir vəzn əlavə edilir. Necə deyərlər, ölkəmizin qapısını yeni bir idman bayramı döyür.
Yollar, küçələr, ağaclar, binalar yeni bir yaz sevdası ilə könül oxşayır, damarlarda qan coşur, insanlar mehribanlaşır, sevgilər aşıb-daşır, hər tərəf gözəlləşir.
Quşlar o yerə uçurlar ki, orada sabitlik var, orada güllə səsləri eşidilmir, ağaclar o yerdə çiçək açır ki, orda gözəl hava, münbit torpaq, bar vermək üçün əlverişli şərait var. İlk Avropa Oyunları ona görə Azərbaycanda - Bakıda keçirilir ki, ölkəmizdə lazımi siyasi, iqtisadi mühit mövcuddur. Oyunların hərtərəfli və yüksək səviyyədə keçirilməsinə böyük təminat var. Bu təminat asan başa gəlməyib. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişində ölkəmizdə yaratdığı sabitlik, iqtisadi, sosial inkişaf və Qafqazda sülhün təminatçısı kimi çıxış etməsi dünya ölkələrində Azərbaycana bir inam hissini formalaşdırdı. Daxili sabitlik imkan yaratdı ki, dünya ölkələri öz biznes maraqlarını Azərbaycana yönəltsinlər. Bundan sonra ölkəmizə iqtisadi, siyasi marağın artması ilk Avropa Oyunlarının Azərbaycana gəlməsi üçün həlledici stimul oldu.
Bu mərhələyə qədər Azərbaycan idman sahəsində böyük bir tarixi yol keçib. Dövlətin idmana böyük marağı və dəstəyi bu yolda yaşıl işıq rolunu oynadı. Bakıda və rayonlarda tikilən Olimpiya kompleksləri, insanlarda idmana, xüsusən Olimpiya oyunlarına marağın artırılması başlıca məqsəd kimi həmişə gündəmdə oldu.
1992-1997-ci illər arasında Azərbaycanda geniş Olimpiya Hərəkatı başladı. 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya oyunlarına qatıldı, Atlantada 23 idmançımız iştirak etdi və Azərbaycan komandası bir gümüş medal qazandı. Əlbəttə, ilkin mərhələdə bu, Azərbaycan üçün böyük qələbə idi. Azərbaycan idmançılarının Olimpiya oyunlarında qazandığı qələbələr, dövlətimizin idmanın inkişafına göstərdiyi qayğı ilk Avropa Oyunlarının Bakıda keçirlməsinə əsaslı zəmin yaratdı.
Bakıda ilk Avropa Oyunları 12-28 iyun tarixləri arasında keçiriləcək və bu oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq.
Bu gün xalqımız sevinc içərisindədir. Ölkə təəssübkeşliyini çəkmək, onun sevincini yaşamağın özü də insanların sağlamlığına müsbət təsir göstərir.
Xalqımız öz qəhrəmanlarını idmanda tapır. Ona görə də ilk Avropa Oyunlarına böyük sevgi ilə hazırlaşır.
Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, idman qədər ölkəni dünyaya tanıdan ikinci bir vasitə yoxdur. İndi bu il ilk Avropa Oyunları Azərbaycanı - Bakını bütün dünyaya təqdim edir. Bu təqdimetmənin əhəmiyyəti olduqca böyükdür. Əvvəla, Azərbaycan dünyada sülhsevər, ədalətli, hüquqi bir dövlət kimi tanınır. Necə deyərlər, idman oyunları başlayanda müharibə oyunları bitir. İnsanların müharibə ehtiraslarını idman oyunları əvəzləyir. Demək, idman hər şeydən əvvəl, insanlar arasında milli mənəvi dəyər kimi əxlaq rolunu onyayır. Elə bu sətirləri yazarkan ürəyimdən keçən bir hissi var səsimlə bağırmaq istəyirəm. "İlk Avropa Oyunları, bütün dünyada müharibəni dayandır!”
Qəşəm Nəcəfzadə