Aprelin 26-da Bakı-2015 ilk Avropa Oyunları üçün inşa edilmiş BMX stadionunun hazırlığını yoxlamaq məqsədilə burada sınaq xarakterli yürüşlər təşkil olunub. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov yeni stadionla bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, daha əvvəl ABŞ-ın məşhur BMX ustalarından biri olan Barri Nobles yeni stadionu sınaqdan keçirib və müsbət fikirlər səsləndirib: "Bu gün isə Almaniya, Rusiya və Latviyadan olan idmançılar da stadionu sınaqdan keçirdilər və öz razılıqlarını ifadə etdilər. Bu idman obyekti nəinki MDB-də, ümumiyyətlə, Avropada tikilmiş ən gözəl BMX stadionlarından biridir. Güman edirəm ki, yeni inşa olunan arena Azərbaycanda bu idman növünün inkişafına öz müsbət təsirini göstərəcək”, - deyə o əlavə edib.
Sahib Ələkbərov qeyd edib ki, stadionun yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə ulu öndər Heydər ƏIiyev göstəriş verib. "Bu ərazidə daha əvvəl daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılmasına və ərazidə park salınmasına göstəriş vermişdi. Daha sonra isə Prezident İlham Əliyevin göstərişi ilə bura idman şəhərciyinə çevrilib. Burada 4 marşrut üzrə velosipedçilərin yarış və məşq keçməsi üçün lazımi şərait var. İşlərin başa çatmasına çox az qalıb. Yaxın bir neçə gün ərzində arena tam hazır olacaq. Azərbaycan velosipedçiləri fəxr edə bilərlər ki, belə gözəl bazaya sahibdirlər. Bu, onların inkişafına müsbət təsir göstərəcək”, - deyə o bildirib.
Federasiyanın vitse-prezidenti "Tour d’Azerbaidjan-2015”in 6-10 may tarixlərində keçiriləcəyini bildirib. "Bu yarış ölkəmizdə böyük ərazini əhatə edir, marşrut üzərində 10 rayon və şəhər var. Mötəbər yarış üçün hər şey hazırdır. Avropalı televiziya tamaşaçıları bu yarışın 3 mərhələsinə "Eurosport” kanalı vasitəsilə canlı tamaşa edə biləcəklər. Ölkəmizdə isə "Tour d’Azerbaidjan-2015”in bütün mərhələlərini "İdman Azərbaycan” telekanalı vasitəsilə birbaşa yayımda izləmək mümkün olacaq”, - deyə o fikrini tamamlayıb.