İlk Avropa Oyunları zamanı Bakıya gələn idmançıların və məşqçilərin qalması üçün tikilən Atletlər kəndi paytaxtın şimal-qərb hissəsində, Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenasından bir qədər aralıda yerləşir.
Kompleks 10-15 mərtəbəli 13 əsas binadan ibarətdir. Bu binalarda 1042 mənzil var və ən kiçik mənzildə 3, ən böyük mənzildə isə 5 yataq otağı yerləşir. Buna əsasən demək olar ki, bir mənzildə minimum 6, maksimum 10 atlet qala bilər. Burada 7 min 878 atletin qalması üçün bütün şərait yaradılıb və artıq atletlərin qalacaqları mənzillər tam hazırdır.
Hər bir mənzildə ayrıca yemək və istirahət otaqlarından əlavə, kənddə 3 böyük yeməkxana və istirahət mərkəzləri də fəaliyyət göstərəcək. Hazırda istirahət mərkəzlərində və yeməkxanalarda son tamamlanma işləri gedir. Atletlər kəndində hər binada ayrıca camaşırxana da fəaliyyət göstərəcək ki, idmançılar burada camaşır və quru təmizləmə xidmətlərindən istifadə etsinlər.
Kənddə, həmçinin idmançılar üçün basketbol, futbol və tennis stadionları da tam hazırdır.
Burada idmançıların yarışların keçiriləcəyi məkana getmələri də nəzərə alınaraq böyük avtobus dayanacağı inşa edilib. Artıq atletlərin qalacaqları mənzildə qeydiyyatı da başa çatmaq üzrədir.
Atletlər iyun ayının 3-dən başlayaraq Bakıya gələcəklər və iyulun 1-də son atlet öz ölkəsinə dönəcək.