Birinci Avropa Oyunlarının məşəli Naxçıvan Muxtar Respublikasından sonra cənub bölgəsinə gətirilib.
Aprelin 29-da Lənkəran şəhəri birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edib. Lənkəran Beynəlxalq Hava Limanında estafet iştirakçılarını rayon rəhbərliyi, idmançılar, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Yürüş iştirakçıları əvvəlcə Lənkəran Mərkəzi Stadionundan hərəkət edərək Göyşaban kəndindəki istirahət mərkəzində, Lənkəran şəhərindəki "Mayak” abidə-kompleksində, Haftonu qəsəbəsində çay plantasiyasında olublar.
Lənkəran şəhərindəki Bayraq Meydanından başlanacaq məşəl yürüşü Heydər Əliyev prospekti boyunca 4,8 km məsafədə 12 idmançı tərəfindən davam etdiriləcək.
Axşam saatlarında isə Lənkəran şəhərindəki Heydər Əliyev parkında birinci Avropa Oyunlarının məşəlinin qəbul edilməsi ilə bağlı Alov festivalı keçiriləcək. Festivalda musiqi kollektivləri konsert proqramı ilə çıxış edəcəklər.
Qeyd edək ki, Bakı-2015 ilk Avropa Oyunlarının məşəli 48 günlük səyahəti zamanı 15 şəhər və rayondan keçməklə təxminən 5500 kilometr məsafə qət edəcək. Bu səyahətə 150 yaradıcı komanda, 132 nəqliyyat vasitəsi və 1000-dən çox məşəlçi cəlb olunub. Estafetdə Bakı-2015-in ulduz elçiləri də iştirak edirlər. Hündürlüyü 66 santimetr olan məşəlin gövdəsi Bakı-2015-in brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Başlığın üzərindəki 50 çəyirdək isə Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.