Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu və birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən ilk Avropa Oyunları ilə əlaqədar Londonda moda nümayişi keçirilib.
Azərbaycan milli musiqisinin müşayiəti ilə keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, yerli ictimaiyyətin nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbir çərçivəsində Bakı-2015 birinci Avropa Oyunlarından bəhs edən videoçarx nümayiş olunub. Sonra azərbaycanlı modelyerlər milli ornamentlərimiz və Bakı-2015-in rəmzləri ilə bəzədilmiş geyimləri təqdim ediblər. Nümayiş edilən geyimləri dizaynerlər Gülnar Xəlilova və İnna Kvirtiya tərtib ediblər.
Moda nümayişi böyük maraqla qarşılanıb.