Polşanın “Olimpiyski” jurnalında Azərbaycan səfirinin ilk Avropa Oyunları ilə bağlı müsahibəsi dərc edilib

Polşanın “Olimpiyski” jurnalında Azərbaycan səfirinin ilk Avropa Oyunları ilə bağlı müsahibəsi dərc edilib


Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bu ölkənin Olimpiya Komitəsinin "Olimpiyski” jurnalına Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı müsahibə verib. Müsahibə jurnalın ilk Avropa Oyunlarına həsr olunan və "Debütdən əvvəl” adı altında nəşr edilən nömrəsində dərc olunub.
Səfir Həsən Həsənov müsahibədə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Diplomat, həmçinin Azərbaycanın idman tarixi, nailiyyətləri, bu möhtəşəm tədbirə hazırlıq işləri və gələcəkdə keçiriləcək digər idman yarışları haqqında məlumat verib.
Müsahibənin sonunda səfir Həsən Həsənov bildirib ki, Azərbaycana səfər edəcək polşalı idmançılar, onları müşayiət edəcək şəxslər, azarkeşlər və ümumiyyətlə, ölkəmizlə maraqlananlar səmimi və qonaqpərvər münasibətlə qarşılaşacaqlar.
"Olimpiyski” jurnalının ilk Avropa Oyunlarına həsr olunmuş "Debütdən əvvəl” adlı nömrəsi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Polşaya səfəri çərçivəsində Bakı-2015-lə bağlı keçirilən tədbirdə təqdim edilib. Jurnal 4 min tirajla dərc olunub.