Azərbaycanın Küveytdəki səfiri Tural Rzayevin bu ölkənin gündəlik "Əl-Ray” və "Əl-Nahar” qəzetlərində "Bakı Avropa Oyunlarına hazırdır” və "Avropa Oyunlarında 253 medal” adlı müsahibələri dərc olunub.
Müsahibələrdə Bakı-2015 birinci Avropa Oyunlarının bütün qitə üçün çoxsaylı idman yarışlarını özündə birləşdirən ilk böyük idman tədbiri olacağı qeyd edilib, Oyunların 17 yarış gününü əhatə edəcəyi vurğulanıb. Oyunlarda milli olimpiya komitələrini təmsil edən 6000-dən çox avropalı idmançının qüvvəsini sınayacağı və yarışların çimərlik futbolu, 3x3 basketbolu, karate və sambo kimi qeyri-olimpiya idman növləri də daxil olmaqla, ümumilikdə 20 idman növü üzrə keçiriləcəyi bildirilib. Həmçinin 12 idman növünün Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacağı diqqətə çatdırılıb. Oyunların yeni inşa edilmiş Milli Gimnastika Arenası, BMX Veloparkı, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, 68 min tamaşaçı tutumuna malik, atletika yarışları, eləcə də oyunların açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionu da daxil olmaqla 18 idman obyektində keçiriləcəyi bildirilib. Oyunlarda ümumilikdə 253 medal uğrunda mübarizə aparılacağı barədə məlumat verilib.