Polşalı dağ velosipedçisi Bakı-2015 ilk Avropa Oyunlarının idman elçisi elan olunub

Polşalı dağ velosipedçisi Bakı-2015 ilk Avropa Oyunlarının idman elçisi elan olunub

Polşalı dağ velosipedçisi Maya Vloşçovska Bakı-2015 ilk Avropa Oyunlarının idman elçisi elan olunub.
M.Vloşçovska Pekin-2008 Yay Olimpiya Oyunlarında dağ velosipedi idmanının kros-kantri proqramı üzrə qadınlar arasında keçirilmiş yarışın gümüş medalını, 2010-cu ildə isə həmin idman növü üzrə dünya çempionu adını qazanıb. Təcrübəli idmançı bu günədək dünya və Avropa çempionatlarında 22 medala sahib olub.
Bakı-2015 Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, M.Vloşçovskanın beynəlxalq idman elçisi kimi mötəbər tədbirə cəlb edilməsi ilk Avropa Oyunlarının əhəmiyyətinin daha bir bariz nümunəsidir. Karyerası boyunca Mayanın əldə etdiyi uğurlar onun dağ velosipedi idmanına bağlılığını nümayiş etdirir. Onun iyunda Avropa Oyunlarında iştirakını səbirsizliklə gözləyirik.
Otuz bir yaşlı velosipedçi deyib: "Avropa Oyunlarının idman elçisi seçilməyim məni çox həyəcanlandırır və bu yay Bakıda mübarizə aparacağım günü səbirsiziklə gözləyirəm. Avropada, eləcə də bütün dünyada Oyunların və dağ velosiped idmanının nüfuzunu artırmaq üçün əlimdən gələni etməyə hazıram”.
Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andrjey Krasniçki bildirib ki, Maya Bakı-2015-in elçi proqramı üçün əla seçimdir. Onun Avropa Oyunlarını Polşada təbliğ etmək və bu yay idmançılarımıza dəstək olmaq üçün səylərini əsirgəməyəcəyinə əminəm.
Maya Vloşçovska almaniyalı stolüstü tennisçi Dimitri Ovçarov, yunanıstanlı qılıncoynadan Vasiliki Vuqiuka, irlandiyalı boksçu Keti Teylor, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Poulsen və Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviçdən ibarət Serbiya 3x3 basketbol komandasından sonra Bakı-2015-in növbəti beynəlxalq idman elçisi olub. Yaxın gələcəkdə daha bir neçə idmançının da bu proqrama cəlb olunması planlaşdırılır. İdman elçiləri mübarizə apardıqları idman növünü təmsil etməklə qitədə və sosial mediada Avropa Oyunlarının təbliğatında fəal iştirak edirlər.
Bakı-2015-in dağ velosipedi üzrə yarışları iyunun 13-də Dağ Velosipedi Parkında keçiriləcək.