Bakı-2015 ilk Avropa Oyunlarının birinci “Şanslı qalibi” müəyyənləşib

Bakı-2015 ilk Avropa Oyunlarının birinci “Şanslı qalibi” müəyyənləşib


Bakı-2015 və Oyunların rəsmi tərəfdaşı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Ofeliya Abdullayevanın Avropa Oyunlarının ilk "Şanslı qalibi” olduğunu açıqlayıb.
Bilet nömrəsi püşkatma ilə seçilən Ofeliya Abdullayeva "Azərbaycan Hava Yolları” tərəfindən Nyu-York şəhərinə "biznes klass” sinfində gediş-gəliş üçün iki nəfərlik uçuş bileti və 1500 manat məbləğində xərclik qazanıb.
Onlayn bilet alan yerli tamaşaçılar Bakı-2015-in "Şanslı qalib” kampaniyası çərçivəsində rəsmi tərəfdaşların təqdim etdikləri xüsusi hədiyyələr qazanırlar. Növbəti qaliblər "P&G”dən illik məhsul tədarükü, "Nar Mobile”dən ömürlük danışıq paketi və "Tissot”un xüsusi hazırladığı kişi və qadın saatlarını əldə edəcəklər. Bütün mükafatlara Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki yerlik bilet də daxildir.
Şanslı qalib Ofeliya Abdullayeva sevincini bölüşərək deyib: "Şanslı qalib hədiyyəsini qazanmaq həyata keçmiş arzu deməkdir. Nyu-Yorka səyahət etmək imkanı insana həyatda bir dəfə verilən şans kimidir. Lakin hər şeydən əvvəl birinci Avropa Oyunları və mərasimləri bizi gözləyir. "Azərbaycan Hava Yolları”na və Bakı-2015-ə təşəkkürümü bildirirəm”.
"Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bildirib ki, "Azərbaycan Hava Yolları” birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaq və açılış mərasimindən də əvvəl öz rolunu oynamaq istəyir: "Biz, şanslı qalibin Nyu-York şəhərinə səyahətindən və Bakı-2015 mərasimlərində iştirakından məmnunuq. Əminik ki, belə tədbirlər Azərbaycan üçün bu tarixi anın əhəmiyyətini daha da artıracaq”.
Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə "Şanslı qalib” kampaniyasının ilk nəticəsi barədə bunları deyib: "Ofeliya Abdullayevanı ilk Avropa Oyunlarının ilk şanslı qalibi olması münasibətilə təbrik edirəm. Bu təbliğat Bakı-2015 möcüzəsini Oyunlar başlamazdan əvvəl tamaşaçılara çatdırır və biz, "Azərbaycan Hava Yolları”na bu ilk tədbirə ictimaiyyətin cəlb olunması üçün göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk”.