"Bakıya ilk Avropa Oyunları ərəfəsində səfər etməkdən çox məmnunam. Bilirəm ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır və bu mötəbər idman yarışı uğurla keçiriləcək. Səfər çərçivəsində biz Avropa Oyunlarına hazırlıq prosesi ilə də yaxından tanış olacağıq”. Bu sözləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Yunanıstanın İsveçrədəki səfiri Çaralambos Gerassimos Manessis deyib. Olimpiya hərəkatının Yunanıstanda başladığını xatırladan səfir bildirib ki, Azərbaycan tarixə ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi daxil olacaq. İlk olmaq həm şərəfli, həm də məsuliyyətlidir. Əminəm ki, Azərbaycan Avropa Oyunlarının modelini formalaşdıracaq”. Diplomat Yunanıstan ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın mövcud olduğunu da vurğulayaraq deyib: "Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərlə bağlı kifayət qədər məlumatım var. Bu səfər ölkəniz haqqında daha da geniş məlumat əldə etməyə imkan yaradacaq”.